“Məqsədimiz qrupa düşməkdir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Plzendə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq”.

50 yaşlı mütəxəssis Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib: “Viktoriya”da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq”.

O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib: “Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur”.

Qurbanov “Viktoriya”nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə də toxunub: “Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik”.

Təcrübəli mütəxəssis həm aeroportda, həm də oteldə bir qrup çexiyalı azarkeşin komandanı xoş qarşıladığını vurğulayıb: “Futbolçularımın, mənim avtoqrafımı istədilər. Əllərində mənim, hətta köməkçilərim – Zaur Tağızadə, Elçin Rəhmanov və Elxan Həsənovun futbol oynadığımız vaxtlardakı şəkillərini gördüm. Mənim üçün çox xoş oldu. Sayları az olsa da, bizə çox böyük dəyər verdilər. Hər birinə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button