Reytinq: Məmmədyarov irəlilədi, Rəcəbov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək, 8-ci pilləyə yüksəlib. Onun aktivində 2770 xal var. 2765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov isə 2664 xalla 75-ci pillədədir. Hər iki şahmatçı ötən reytinq cədvəlinə görə bir pillə geriləyib. Rauf Məmmədov isə 3 pillə geriləyərək 2654 xalla 90-cı olub. Arkadi Naydiç (2649) 95-ci sırada qərarlaşıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2847 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2820 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan 2443 xalı olan Günay Məmmədzadə 29-cu, 2382 xala malik Gülnar Məmmədova 78, 2376 xalı olan Xanım Balacayeva isə 89-cu sırada yer alıb.