“Messinin “Mançester Siti”yə keçmə ehtimalı məni narahat etmirdi” – “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi Endryu Robertson “Barselona”nın kapitanı Lionel Messi haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Times” nəşrinə danışan Robertson, Messinin karyerasını bitirdikdən sonra Dieqo Maradona və Pele kimi əfsanələr arasında olacağını deyib:

“Messinin “Mançester Siti”yə keçmə ehtimalı məni narahat etmirdi. O, “şəhərlilər”i bir səviyyə qaldıracaqdı. “Mançester Siti” onsuz da güclü komandadır, dünyanın ən güclü futbolçusunu da gətirsəydi… Messiyə qarşı oynayanda sadəcə onun hansı tərəfə qaçacağını təxmin edə bilərsiz – sağ, ya da sol.

Bəzən insanlar Messini dayandırmağın tək yolunun onun ayaqlarına vurmaq olduğunu düşünür, amma onda da o, tullanmağa başlayır. O, butslarını asanda insanlar onun mirasını görəcəklər. Messi karyerasını bitirəndən sonra Dieqo Maradona və Pele kimi futbol tarixinin ən yaxşı oyunçusu olacaq”.