“Lester Siti” Şmeyxeli “Nitsa”ya satdı

Futbol üzrə Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel 11 ildir formasını geyindiyi İngiltərənin “Lester Siti” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı qolkiper bundan sonra karyerasını Fransanın “Nitsa” klubunda davam etdirəcək.

Bu barədə təcrübəli qolkiperin yeni klubu məlumat yayıb. O, Liqa 1 təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. “Nitsa” bu keçidə görə İngiltərə klubuna cəmi 1 milyon avro ödəyib.

Kasper Şmeyxel 2011-ci ildən “Lester Siti”də forma geyinirdi. O, bu komandanın heyətində bütövlükdə 478 matça çıxıb, 586 qol buraxıb. Təcrübəli qolkiper 147 matçda qapısının toxunulmazlığını qorumağı bacarıb. Şmeyxel “Lester Siti” ilə 2015/16 mövsümündə İngiltərə çempionu olub, ötən il isə İngiltərə Kubokunu və Super Kubokunu qazanıb.

Kasper Şmeyxel İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. Amma o, həmin dövrdə az forma şansı qazandığı üçün “Darlinqton”, “Beri”, “Falkirk”, “Kardiff Siti”, “Koventri Siti” kimi klublara icarəyə verilib. 2009-cu ildə “Mançester Siti”dən ayrılan danimarkalı, “Notts Kaunti” klubuna keçib. 2010/11 mövsümündə “Lids”də forma geyinən qolkiper, “Lester Siti”yə məhz bu klubdan transfer olunub. Şmeyxel Danimarka yığmasında 84 oyun keçirib.

“Nitsa” Şmeyxellə yanaşı, İtaliyanın “Empoli” klubundan Mattia Vitini də transfer etdiyini açıqlayıb. 20 yaşlı futbolçunun transferi Fransa klubuna 13 milyon avroya başa gəlib. Lakin italiyalı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Mattia Viti “Empoli”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Mərkəz müdafiəçisi bu komandada 26 oyun keçirib. Viti İtaliyanın U-21 yığmasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button