
Qəbul etməli olduğumuz reallıq: Yeni çempion “Sabah”
Əmir
“Kral öldü, yaşasın kral”!
Yox, bu yazının səbəbi nə kimisə öldürmək, nə də kimisə yaşatmaq deyil. Sadəcə, mövcud reallığı oxucuya çatdırmaqdır. O reallıq ki, təəssüf ki, hələ də bəziləri qəbul etmək istəmir. Amma istəsələr də istəməsələr də qəbul etməli olacaqlar. Qəbul etməli olacaqlar ki, bu mövsümdən Azərbaycanda yeni çempion var – “Sabah”. Və bu faktı heç nə dəyişə bilməz.
Fakt təkcə “Sabah”ın yaxın turlarda və ya elə növbəti turda çempionluğunu rəsmiləşdirməsi deyil, həmçinin, bu komandanın (həm də elə klubun) buna layiq olmasıdır. Litvalı mütəxəssis Valdas Dambrauskas hələ Kiprin “Omoniya” komandasının “sükanı arxasında” bizim “Zirə”yə 6 (!) top vuranda öz səviyyəsini göstərmişdi. Nə yaxşı ki, bu cür mütəxəssisin yolu Azərbaycandan düşdü. Yox, bunu deməkdə “Qarabağ”a hər hansı şəxsi qərəzliyim, bu komandanın çempionluğu itirməsinin sevinci yoxdur. Sadəcə, demək istədiyim odur ki, nə yaxşı ki, bu mütəxəssis Azərbaycana gəldi və onun komandasının timsalında ölkə çempionatında maraqlı mübarizənin şahidi olduq.
“Sabah” həm də çempionluğa ona görə layiqdir ki, bəzilərindən fərqli olaraq düzgün transfer siyasəti həyata keçirdilər. Elə futbolçuları transfer etdilər ki, bu futbolçular kluba ayaq basdığı gündən öz səviyyələrini göstərdilər. Özü də, elə əsas rəqibləri olan “Qarabağ”la oyunlarda.
Hə, bir də ara-sıra gözümə dəyir ki, kimlərsə “Sabah”ın çempionluğunda hakim məsələsini də qabartmağa çalışırlar. Əslində, yerli çempionatı yaxından izləyənlər görərlər ki, cari mövsümdə hər komandanın əleyhinə də, lehinə də qərarlar olub. Sırf “Qarabağ”la “Sabah”ı müqayisə etsək, bu qərarların aşağı-yuxarı eyni olduğunu görərik. Yəni, “Sabah”ın qapısına “Qəbələ” ilə səfər oyununda vurulan qolun qeydə alınmaması nə idisə, “Qarabağ”ın “Zirə” ilə matçda qapısına iki penaltinin verilməməsi də o idi. Və ya, “Neftçi” ilə matçda “Sabah”ın qapısına verilməyən penalti nə idisə, “Qarabağ”ın “Şamaxı” ilə oyununda Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə də o idi. Elə bu iki komanda arasında keçirilən matçlarda da – son kubok oyununda “Qarabağ”ın qapıçısı Koxalskiyə verilən qırmızı vərəqə nə idisə, çempionat oyununda Mikelsə qarşı kobudluğa görə Mateusa verilməyən ikinci sarı vərəqə də o idi. Siyahını hər iki komandanın xeyrinə və əleyhinə uzada da bilərəm… Amma bu siyahının kimin xeyrinə bir abzas çox və ya az olması da reallığı dəyişməyəcək.
“Sabah” layiq olduğu və bəlkə də, üç il əvvəl Murad Musayevin dövründə qazanmalı olduğu çempionluğu qeyd edəcək. Yaxşı ki də edəcək. Gözümüz yeni çempion, futbolumuz çəkilən əziyyət, görülən iş qarşılığında qazanılan mükafat görsün.
P.S. Qarşıma tez-tez “çempion olmaqla deyil, görək Avropada nə edəcəklər” tipli qeyri-ciddi rəylər də çıxır. Elə qeyri-ciddi olduğuna görə də sona saxladım. “Sabah” lap elə Avropada ilk mərhələdən uduzub evə qayıtsa da, bu çempionluq ana südü kimi halalları, haqlarıdır. Avropada oynanılacaq oyunlar yeni səhifədir. Uğurlu olacağı təqdirdə müsbət, uğursuz olacağı təqdirdə tənqidlərin yer alacağı səhifə.
Bizi Facebook-da izləyin



