“Gəlmək istəmirdim, belə məğlubiyyətdən sonra gəlib utana-utana nə deməliydim?” – Müsahibə

“Unuda bilmədiyimiz oyun”

Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 2007-ci ildə, DÇ-2008-in seçmə mərhələsində Serbiyaya Bakıda 1:6 hesabıyla məğlub olan Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyevdir.

Serblərə məğlubiyyət təkcə nəticənin ağır olmasına görə xatırlanmır. Həmin dönəmdə bu oyunla bağlı xeyli söz-söhbət, şübhələr, iddialar var idi. O vaxt iddia olunurdu ki, Azərbaycan millisinin bəzi futbolçuları serblərlə görüşdə qəsdən zəif çıxış ediblər. Məqsəd isə baş məşqçiyə “torba tikmək” olub. Hər halda, elə həmin seçmə mərhələdə səfərdə həmin serblərə minimal – 0:1 hesabı ilə uduzan milli komandanın Bakıda biabırçı şəkildə uduzması normal deyildi. 1:6 hesablı məğlubiyyət Diniyevin yığma komandadan getməsi ilə nəticələndi…

  • Şahin bəy, Azərbaycan milli komandasıyla Bakıda Serbiyaya 1:6 hesabıyla uduzduğunuz oyun xatirənizdə necə qalıb?
  • Xoş bir xatirə deyil. Böyük bir təzyiq altında olan bir oyun idi və bu, hər tərəfdən ağır idi – həm psixoloji, həm də idman tərəfdən. Ona görə də, bu oyun mənim məşqçilik həyatımda ağır bir xatirə kimi qalıb. Dərinə gemək istəmirəm, həqiqətən, layiq olmayan bir şeyi yaşadıq. Əlbəttə, xoş danışmalı bir şey yoxdur.
  • Məğlubiyyətə səbəb nə idi ki?
  • Elə bir oyun idi ki, sanki meydanda mübarizə aparmayaraq uduzmuşduq. Biri var vuraşasan, oyuna canını qoyasan, bu başqa. Heç kimi qınamaq, kiməsə nəsə demək istəmirəm. Mübarizəsiz məğlub olmaq ağır bir xatirəyə çevrildi.
  • Nə üçün mübarizəsiz hesab edirsiz?
  • Oyun elə alındı ki, həqiqətən, mübarizəsiz məğlub olduq. Öz potensialımızı göstərməyə-göstərməyə uduzduq.
  • Həmin oyundan bir il əvvəl də Ukrayna yığmasına 0:6 hesabıyla uduzmuşduz. Belə məğlubiyyətlərə səbəb nə idi – psixoloji faktorlar, yoxsa futbolçuların oyuna hazırlığının aşağı olması?
  • Bilirsiz, başlar başqa şeylərə qarışmışdı, mərkəzləşmiş bir şey yox idi. Komanda daxilində pərakəndəlik var idi və oyuna köklənə bilməmişdik. Komandanın daxilində bəzi söhbətlər, çatışmazlıqlar var idi. Bunlar da üst-üstə gələrək belə bir məğlubiyyətə yol açdı. İndi kimisə qınamaq istəmirəm. Burda birbaşa məsuliyyət mənim üzərimdədir və belə bir nəticə olubsa, günah da məndədir. Məsuliyyətdən qaçmaq istəmirəm, bu oyunla bağlı bir kəlmə onu deyə bilərəm ki, mübarizəsiz məğlub olduq.
  • Həmin oyundan sonra istefa verdiz. Belə bir qərarı hansı anda aldız?
  • Bəli, istefa verdim və ondan sonra bir də yığmada çalışmadım. Heç bir məşqçi istəməz ki, millidən belə ayrılsın, bu da bir qismətdir, yaxşı şey varsa, pis də olacaq. İstəmirəm nəyisə yenidən geri qaytarım. Xoş xatirə olsa, insana da xoş gələrdi, oyunu dəqiqəsinə qədər xatırlayardım. Amma insan belə şeyləri yadda saxlamaq istəmir, buna baxmayaraq, unutmaq da olmur. Qısa və konkret deyim ki, dərinə getmək istəmirəm. 1:6 hesabıyla uduzduq və hər zaman olduğu kimi, bu oyunun da bütün məsuliyyətini üzərimə götürdüm. Belə məğlubiyyətlərdən sonra nəsə dəyişməlidir və mən özüm getmək qərarına gəldim.
  • Ukrayna ilə oyundan sonra futbolçuları dəyişmişdiz, növbəti böyükhesablı məğlubiyyətdən sonra özünüz getdiz…
  • Hə, Ukraynadakının əksinə oldu. Yaxşı üstünə gəldiz, ikinci dəfə belə məğlubiyyət olursa, artıq futbolçuları dəyişmək düzgün deyil. Etik normalardan kənara çıxıb, kiminsə üzərinə günahı atmaq düz deyil. Ukrayna ilə oyunda da günahı kiminsə üzərinə yıxmamışdım. Serbiya ilə oyunda da günahı özümdə gördüm və bu addımı atdım. Belə deyim, istefa mədəniyyəti var və buna əməl olunmalıdır. Bir yeri tutub qalmaq futbolun ziyanına olarsa, özünə hörmət edən məşqçi də bu addımı atmalıdır. Mən də bunu etdim və adi bir şey idi.
  • Serbiya ilə matçın sabahısı AFFA-nın iclasına qatılmamışdız və bu, səhhətiniz, psixoloji durumunuzla əlaqələndirilmişdi.
  • Mən hər şeyi görürdüm və əvvəl də bununla bağlı gözləntilərim var idi. Oyuna qədər də fikrimdə getməklə bağlı nələrsə var idi. Komandanın içindəydim və olanları görürdüm. Mən Serbiya ilə qarşılaşmadan sonra görmədim ki, vəziyyət budur, bunu əvvəldən də başa düşürdüm. Bundan sonra da Serbiyaya məğlubiyyət qərarımı qətiləşdirdi. Oyundan sonra milli komandanın nümayəndələri ilə iclasda bildirdim ki, artıq burda işləmək istəmirəm, sağ olun. Açığı, heç oyundan sonra mətbuat konfransına da gəlmək niyyətim yox idi. Gəlmək istəmirdim, belə məğlubiyyətdən sonra gəlib utana-utana nə deməliydim? Olmayan oyun haqda nə deyəcəkdim? Təxminən 40 dəqiqə, 1 saata yaxın adlarını çəkməyəcəm, AFFA-nın 5-6 nümayəndəsiylə danışığım oldu. Dedilər ki, getməməlisən, məşqçisən, belə şeylər olur, futboldur. Məni fikrimdən daşındırmaq, yolumdan qaytarmaq istəyirdilər. Deyirdilər ki, iki oyun qalıb, onlardan sonra qərarını verərsən. Konfransa gedib, jurnalistlərlə görüşdə dedim ki, “mənə iki oyun da dözün, sonra gedəcəm”. Mənə qarşı mətbuatda da təzyiqlər var idi və mən də bunu görürdüm, uşaq deyildim ki. Hələ də yadımdadır, konfransda dedim ki, “mənə iki oyun dözün, onsuz da sonra gedəcəm. Mən istefamı verdim, amma xahiş elədilər ki, iki oyunluq qalım”.
  • Amma heç o iki oyuna da qalmadız və istefa verərək, millidən ayrıldız. İstefa fikrindən daşındıqdan sonra yenidən ayrılıq haqda qərar verməyinizə səbəb nə oldu?
  • Bir az düşündükdən sonra artıq qayıtmamaq qərarını vermişdim. Olur da, zaman keçdikdən sonra gördüm ki, həminki ürək deyil də.
  • Həqiqətən, psixoloji durumunuzda problem yaranmışdı?
  • Yəni dəlixanaya düşmüşdüm? Hansı psixoloji durumum pis ola bilər ki? Sadəcə əsəblər tarıma çəkilmişdi. Hər bir məşqçidə istefa mədəniyyəti olmalıdır, qərar verəndə ədalətli olmalısan, etik normalara riayət etməlisən.
  • Millidəki nəticəniz uğursuz olsa da, AFFA rəhbərliyi yanınızda olub, sizi komandada saxlamağa çalışıb…
  • Adamın Allahı var, AFFA rəhbərliyi yanımda idi, mənə dəstək olurdular. Belə deyim var, ela danış ki, zaman keçdikdən sonra hansısa yalanını axtarmayasan. Həqiqətən, mənə dəstək oldular, getməyimi istəmirdilər.
  • Azərbaycan milli komandasında çalışarkən (2005-2007) Ukrayna və Serbiyaya böyükhesablı məğlubiyyət yaşadız. Bu dövrü məşqçi karyeranızın ən uğursuz dönəmi adlandırmaq olar?
  • Ə, qardaş, qurtar da, sən mənim niyə ürəyimi yandırırsan? Niyə 13 il əvvəli mənə xatırladırsan? Bir dəfə məndən müsbət müsahibə götürməyəcəksən? Niyə soruşmursan Finlandiya üzərindəki 1:0 hesablı qələbə necə oldu (gülür)? O qədər də uğursuz deməzdim. Milli ilə 5 xal toplamışdım, qrupda 4 oyun keçirmədən 5 xal qazanmaq pis nəticə deyildi. Nəticə baxımından deyə bilmərəm ki, uğursuz olmuşam. Sadəcə, oyun uğursuzluğu oldu, məsuliyyəti kimsə üzərinə götürməliydi, mən də bunu etdim. Məğlubiyyət varsa, heç kim yaxasını qırağa çəkə bilməz. Mənim də qərarım getməkdən yana oldu və belə də etdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button