“Kamp Nou”da oynamaq bizim üçün təzyiq deyil, motivasiya olar” – Mane

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Barselona” ilə qarşılaşacaq “Liverpul”un seneqallı futbolçusu Sadio Mane açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, “Kamp Nou” və Vircil van Dayk haqqında danışıb:

“Keçən mövsüm Çempionlar Liqasının finalında oynamaq hamımız üçün böyük bir təcrübə oldu. İndi isə dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq. Bu oyunda meydanda olmaq və qol vurmaq istəyirəm.

“Kamp Nou” möhtəşəm bir stadiondur. Uşaq olarkən, “Barselona”nın oyununu izləmək üçün bura gəlmişdim. Burda futbol izləmək çox zövqlüdür, oynamaq da möhtəşəm olacaq. “Kamp Nou”da oynamaq bizim üçün təzyiq deyil, motivasiya olar.

Əminəm ki, van Dayk Lionel Messiyə qarşı da yaxşı mübarizə aparacaq. O, komanda üçün əlindən gələni edən biridir. Burdan müsbət nəticə ilə qayıtmaq üçün lazım olan hər şeyi edəcəyik”.

Əvvəllər “Liverpul”da forma geyinmiş, indi isə “Barselona”nın şərəfini qoruyan Filippe Koutinyo haqqında da danışan Mane, futbolda qəhrəmanı olan futbolçunun da adını açıqlayıb:

“Koutinyo möhtəşəm bir futbolçudur. “Barselona”nı elə bir futbolçuya sahib olduğu üçün qısqanıram. Hələ çox gəncdir və bundan sonra da özünü inkişaf etdirəcək. O, çox çalışqan bir futbolçudur.

Ronaldinyo isə mənim qəhrəmanımdır. Onu “Kamp Nou”da izləməyi çox sevirdim. Ona qarşı mübarizə aparmaq istəyərdim. Onu hələ də çox sevirəm, istedadına heyranam. Xüsusi ilə də, gülümsəməsinə”.

Son vaxtlar adı “Real”la yanaşı çəkilən futbolçu, məsələylə bağlı danışaraq, “Liverpul”da xoşbəxt olduğunu deyib:

“Real”la bağlı mənim hansısa məlumatım yoxdur. Siz yazırsız, mən oxuyuram. La Liqaya hörmət edirəm, amma Premyer Liqa möhtəşəm çempionatdır. “Liverpul”da çox xoşbəxtəm”.

“Barselona” – “Liverpul” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button