Bədənində xanımının gözlərini, bacısının rəsmini daşıyanlar – Yazı+FOTOLAR

Kimisi həyat yoldaşının gözlərini, kimisi də bacısının surətini vücudunda daşıyır. Bütün bunları edənlər isə hamımızın tanıdığı məşhur futbolçulardır.

Komanda.az sizə 10 məşhur futbolçunun döymələri və bu döymələrin hekayələri barədə yazını təqdim edir:

Antuan Qrizmann

“Atletiko”nun “Barselona”dan icarəyə götürdüyü fransalı futbolçunun əksər döyməsi dini məna daşıyır. Sağ qolunun yuxarı hissəsində İsa, aşağı hissəsində isə təsbeh, bulud və ulduz yer alır. Qrizmann valideynlərinin adlarının baş hərflərini də bədəninə döymə etdirib. Barmağında isə “ümid” anlamına gələn döymə var.

Serxio Ramos

Döymə mövzusunda bəlkə də, ən məşhur futbolçulardan biri Serxio Ramosdur. PSJ-nin müdafiəçisinin demək olar ki, bütün bədəni döymə ilə örtülüb. Onun belində, sağ biləyində, qulaq hissəsində, boynunda, ombasında, baldırında və sağ qolunda tam 42 döymə var! Ramos nənəsinə ithafən “Davud ulduzu” döyməsi etdirib. Altı guşəli ulduz sevgini, müdrikliyi, həyatı, anlayışı və sədaqəti təmsil edir. Həm də, futbolçunun bacısı Miriam Ramos və qardaşı Rene Ramosu təmsil edən döymələri də var. İspan futbolçunun bədənində canavar, bütöv ay, şir və ağac şəkilləri ilə yanaşı, ayağında dünya kuboku və Çempionlar Liqası kubokları da əks olunub.

Neymar

Bir çox futbolçu kimi Neymarın da bədəni döymələrlə örtülüb. Braziliyalı futbolçu bacısını o qədər sevir ki, onun şəklini bədəninə əks etdirib. Bacı-qardaş arasında güclü bir bağlılıq var. Onun digər döymələrinin əksəriyyətinin dini mənaları var. Sol əlində tac və bacısının, oğlunun adı var. Həm də, sol biləyindəki döyməsini anasına olan sevgisinə həsr edib.

Dani Alveş

“Barselona”nın müdafiəçisi maraqlı döyməsi olan futbolçulardan biridir. Övladlarının adlarını və doğum tarixlərini daşıyan Alveşin ailəsinə bağlı olduğu məlumdur. Sağ qolunun üst hissəsində anası, yoxsa həyat yoldaşı olduğu bilinməyən qadın surəti daşıyır. Onun boynunda Braziliya ilə qızıl medal qazandığı Tokio 2020-nin döyməsi də var.

Zlatan İbrahimovic

Öz nəslinin ən yaxşı qolçularından olan Zlatan İbrahimoviç təkcə oyunu ilə deyil, həm də, döymələri ilə diqqəti cəlb edir. Zlatanın bədənində müxtəlif rənglər və formalar var. Onun döymələrinin əksəriyyəti dini xarakter daşıyır. İsveçli hücumçunun kürəyində şir, İsa, balıq, budda və quş lələklərindən ibarət böyük döymə var. Onun sağ biləyində “Zlatan İbrahimoviç kodu” adlı bir sıra nömrə var. Bu kod ailəsindəki kişi üzvlərin, yəni atası Şefik, mərhum qardaşı Sapko, digər qardaşı Aleksander və iki oğlu – Maksimilian və Vinçenin doğum tarixlərindən ibarətdir. Həmçinin, Zlatan iki oğlunun adını da ərəb hərfləri ilə döymə etdirib.

Memfis Depay

Depay kürəyində döymələrin kralı sayıla biləcək böyük bir aslan şəklini daşıyır. Şir güc, cəsarət, müdriklik, qürur, krallıq, ləyaqət və özünə inamı təmsil edir. Memfis verdiyi müsahibədə “Kürəyimdəki aslan məni təmsil edir. Aslan ürəyinə sahibəm. Mən bunu Mançesterdə etdirmişəm. Çox böyük olduğu üçün uzun müddət çəkdi, təxminən 24 saat. Aslan mənim üçün cəngəlliyin kralıdır və mən həmişə çətin olsa da ayaqlarımın üstündə durmuşam” demişdi. Niderlandlı hücumçunun sol ayağında “Xəyal ovçusu” döyməsi, sol qolunda “Düşüncə”, şah damarının üzərində “Şemrok yarpağı” və körpücük sümüyündə “Qanadlar” təsviri var.

Lionel Messi

Lionel Messi oyunu kimi maraqlı döymələrə sahib olan futbolçudur. Argentinalı ulduzun kürəyində anasının şəkli əks olunub. Messi hər zaman anasına çox yaxın olub. Sol baldırında 2 noyabr 2012-ci ildə ilk dəfə ata olduqdan sonra etdirdiyi əl izi döyməsi var. Oğlu Tiaqoya məxsus bu əl izləri Messinin məşhur döymələri arasındadır. Sağ qolunda həyat yoldaşının gözlərinin, “Lotus”, İsa və oğlu Mateonun döymələri var.

Arturo Vidal

“İnter”in futbolçusu həm döymələri, həm də, oyun tərzi ilə kifayət qədər məşhur olan futbolçudur. Onun ən maraqlı döymələrindən biri də “Heç vaxt təslim olma” yazısıdır. Çilili futbolçunun xaç, beşguşəli ulduz, at və tac döymələri də var.

Mauro İkardi

PSJ-nin hücumçusu Mauro İkardi 24 yaşında Vanda Nara ilə ailə həyatı qurub, bu evlilikdən Françeska və İzabella dünyaya gəlib. Argentinalı futbolçu ayağına hər iki övladının adını və fotosunu, ögey uşaqlarının adlarını döymə etdirib. Onun sinəsində və qarnında böyük aslan rəsmi var.

Rikardo Kuarejma

“Beşiktaş”ın keçmiş futbolçusunun döymələri də kifayət qədər məşhurdur. 2019-cu ildə döymələrinin sayının 40-a yüksəldiyini deyən portuqaliyalı futbolçu, “Ən dəyərlisi boynumdakı döymədir” deyib.

İradə Əsgərova

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button