Gəncədəki erməni terrorundan zərər çəkən veteran futbolçular danışdılar

Mənfur ermənilərin oktyabrın 11-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkmiş şəhər sakinlərindən 3-ü veteran futbolçudur.

Komanda.az xəbər verir ki, onlar ötən əsrin 90-cı illərində “Kəpəz”də çıxış ediblər.

Söhbət sabiq yarımmüdafiəçi Emin Mustafayev, eks müdafiəçilər Sahil Abdullayev və Samir Allahverdiyevdən gedir. Mustafayevlə Abdullayev partlayış baş verən binada, Allahverdiyev isə qonşuluqda yaşayıb. “Kəpəz”in mətbuat xidmətinin əməkdaşları hadisə yerində həmin veteranlarla, görüşüb onların yaşananlarla bağlı fikirlərini öyrənib.

Sahil Abdullayevin sözlərinə görə, həmin gün dəhşətli gecə yaşayıblar: “Buradan salamat çıxdıq, elə bil ayın 11-də biz yenidən anadan olmuşuq. Ermənilərin atdığı raket dağıdıcı gücünə görə əvvəlki atılanlardan çox fərqlənirdi. Dünya ictimaiyyəti hadisəni gördü, bildi. Bu, vandalizimdir, soyqırımdır, başqa ad vermək olmaz”.

Hadisə nəticəsində Emin Mustafayev və Sahil Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, yaşadıqları mənzillər yararsız hala düşüb. Mustafayev xilasedicilər tərəfindən elə dağıntılar altından çıxarılıb. Veteran futbolçu hadisəni belə xatırlayır:

“Partlayış bir anda baş verdi, üstümə mişar daşları tökülmüşdü. Sağ olsunlar, məni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntıların altından çıxardılar. Sağ çıxdığıma heç kim inana bilmir. Hətta türk jurnalistlərdən biri “ananız namaz üstə olub” deyə dəhşətini ifadə etdi. Bu hadisə heç bir insanlığa sığmır. Müharibə zonasından xeyli uzaqda yerləşirik. Dinc əhaliyə edilən hərəkət ermənilərin iç üzünü bir daha göstərmiş oldu”.

Erməni təxribatı zamanı Samir Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi zərər görüb. Amma baş verənlər onun mübariz ruhunu sarsıtmayıb: “Gəncədəki hadisə dinc əhaliyə yönələn açıq-aydın terror aktıdır. Qorxmuruq, yenə də gördüyünüz kimi buradayıq. Heç yana getməmişik, Gəncədə oturmuşuq. Dövlətimizə, ordumuza inanırıq. Onu da bilsinlər ki, Qarabağ bizimdir! Onların gücü yalnız dinc insanlara çata bilər”.

Bu trio “Kəpəz”lə yanaşı, Azərbaycanın müxtəlif klublarında da oynayıb. 52 yaşlı Emin Mustafayev “Şəmkir”, “Avtomobilçi” (Yevlax), “Pambıqçı” (Bərdə), 51 yaşlı Sahil Abdullayev “Şəmkir”, “Dinamo” (Bakı), “Bakılı”, 40 yaşlı Samir Allahverdiyev isə “Şəfa”, MOİK və Gədəbəyin “Narzan” klublarının şərəfini qoruyub.

Şəkildə soldan sağa: Sahil Abdullayev, Samir Allahverdiyev, Emin Mustafayev

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button