“Futbolçuların oyuna yanaşmaları tərifə layiq idi”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsiylə bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunçuların son həftə ərzində məşqlərdə işlədiyimiz taktiki gedişləri həyata keçirməsi, ümumiyyətlə oyuna yanaşmaları tərifə layiq idi.

“Sumqayıt” özünəməxsus oyun tərzi olan və sürətli, dinamik futbol oynayan kollektivdir. Fikrimcə, hər iki komanda baxımlı oyun nümayiş etdirməyə çalışdı. Oyunun müsbət cəhətlərindən biri də xeyli gənc oyunçuya oynamağa imkan yaranması və bəzi futbolçuların özlərini çox yaxşı tərəfdən göstərməyi bacarması oldu”.