Fransa klubunda iki yeni futbolçu

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi London “Arsenal”ından Vilyam Saliba ilə Braziliya “Santos”undan Luan Peresi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu Saliba İngiltərə klubundan mövsümün sonuna kimi icarəyə götürülüb. Müqavilədə müdafiəçinin transfer hüquqlarının alınması nəzərdə tutulmur. Gənc futbolçu yeni komandasında “2” nömrəli formanı geyinəcək.

Fransanın “Sent Etyen” klubunun yetirməsi olan Vilyam Saliba, 2019-cu ildən “Arsenal”dadır. O, geridə qalan mövsümü icarə əsasında Fransanın digər klubu “Nitsa”da icarədə keçirib. Fransız futbolçu ölkəsinin gənclərdən ibarət yığmasına da dəvət alır.

Luan Peres isə birdəfəlik transfer olunub. Fransa klubunun bu keçidə görə “Santos”a nə qədər təzminat ödədiyi açıqlanmır. 26 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, Liqa 1 təmsilçisində “14” nömrəli formanı geyinəcək.

Bu müdafiəçilərin transferindən sonra, “Olimpik” öz müdafiəçisi Lukas Perrini də “Strasburq”a icarəyə göndərib. 22 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə verilib. Amma “Strasburq” onun transfer hüquqlarına da yiyələnə bilər.

Perrin Marsel təmsilçisinin öz yetirməsidir. O, 2018-ci ildə bu klubla ilk peşəkar müqaviləsini imzalayıb. Həmin dövrdən bəri fransız futbolçu əsas komandada 13 rəsmi matça çıxıb, 1 qol vurub.