“Everton” “İnter”lə danışıqlara başladı

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Matias Vesino karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Everton” uruqvaylı futbolçunu heyətinə qatmaq niyyətindədir. “İnter”lə danışıqlara başlayan Mersisayd klubu futbolçu üçün qarşı tərəfə 15 milyon avro təklif edib. “Everton”un bu təklifindən imtina edən “İnter” Vesinonun transferindən azı 20 milyon avro qazanmaq istədiyini bildirib. “Everton” futbolçuyla 2024-cü ilədək nəzərdə tutulan müqavilə imzalamaq niyyətindədir.

28 yaşlı futbolçunun “Mançester Yunayted” və “Napoli”nin də transfer hədəfində olduğu bildirilir.

2017-ci ildə “Fiorentina”dan “İnter”ə keçən Vesino, cari mövsümdə iştirak etdiyi 17 oyunda 2 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.