Əlibəy Məmmədli: “Özümüzü sübut etməyə şansımız olacaq”

“Gəncə” komandasının gənc basketbolçusu Əlibəy Məmmədli klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, əvvəlcə sonuncu görüşdə “Xəzri”yə məğlub olduqları oyun haqqında danışıb.

Bildirib ki, zamanla kollektiv daha yaxşı çıxış edəcək: “İlk turdakı görüşlə müqayisədə bizim üçün növbəti oyun daha yaxşı alındı. Düzdü, nəticə olaraq uğurlu saymaq olmaz. Amma müəyyən irəliləyişlər var. Qarşıda hələ çox matçımız var. Çox şeyi göstərməyə, özümüzü sübut etməyə şansımız olacaq”.

Məmmədli məğlubiyyəti müdafiəyə bağlayıb: “Düşünürəm ki, müdafiə xəttində problemimiz oldu. Çatışmazlıqlar var və bu da yenilgiyə gətirib çıxardı. Təslim olmamalı, vəziyyəti düzəltməliyik”.

“Gəncə” ötən mövsümün ən iddialı klublarından olub. Azərbaycan Kubokunu, çempionatın gümüş mükafatını qazanıb. Amma cari liqaya uğursuz start verib. Gənclərdən ibarət milli komandanın üzvü bunun səbəbini kifayət qədər hazırlıq oyunu keçirməməkdə görür: “Əsas problemlərimizdən biri mövsüm öncəsi yoxlama görüşlərini lazımı sayda keçirməməyimizdir. Bu kimi görüşlər komanda oyununu inkişaf etdirmək üçün çox vacibdir. Uşaqların bir-birinə uyğunlaşması, meydançanı hiss etməsi önəmlidir. Demək olar ki, bütün klublar ən azı 2-3 belə matç keçirib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button