
“Real” haqqında deyəcək sözüm yoxdur”
“Barselona”nın prezidenti vəzifəsini müvəqqəti icra edən Rafa Yuste “Real”ın çalışdırıcısı Alvaro Arbeloanın “Neqreyra işi” (İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərmiş Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrike Neqreyraya ödənişlərlə bağlı rüşvət ittihamı) ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirməkdən imtina edib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, diqqətinin yalnız “Barselona”da olduğunu bildirib:
“Diqqətim yalnız “Barselona”dadır və klubumuzun əsas fiqurlarının, bu halda idman departamentinin fikirlərinə qulaq asıram. Hans-Diter Flikə (“Barselona”nın baş məşqçisi), onun məşqçilər heyətinə, Deku (idman direktoru) və Boyan Krkiçə tam dəstək verirəm. Bundan başqa heç nə. “Real” və ya başqa hansısa komanda haqqında deyəcək sözüm yoxdur.
Hazırda bütün diqqətim fevralın 12-də Madriddə olacağımız səfərə və İspaniya Kral kubokunun yarımfinalında “Atletiko”ya qarşı yaxşı oyun keçirməyə yönəlib. Flikin dediyi kimi, addım-addım irəliləməliyik”.
Rafa Yuste “Barselona”nın prezidenti postunu müvəqqəti icra edir. Klubun rəhbəri Xuan Laporta martın 15-də keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürmək üçün vəzifəsindən istefa verib. Bu addım klubun nizamnaməsinin tələblərinə uyğun olaraq atılıb.
Bizi Facebook-da izləyin



