Cerrard: “Hamıdan yaxşı bilirəm ki, autsayder finalı qazana bilər”

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard UEFA Çempionlar Liqasının finalı barədə fikirlərini bölüşüb.

Finalda “Arsenal”la PSJ qarşılaşacaq. “Topçular” yarımfinalda “Atletiko”nu mübarizədən kənarlaşdırıb, Paris təmsilçisi isə “Bayern” səddini keçib. Həlledici oyun mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu “Arsenal”ın şanslarının olduğunu bildirib:

“Mən hamıdan yaxşı bilirəm ki, autsayder finalı qazana bilər. 2005-ci ildə “Milan”la final oyunumuz bərabər səviyyədə görünmürdü, amma finalda hər şey mümkündür. “Arsenal”ı elit məşqçinin rəhbərlik etdiyi çox güclü rəqib gözləyir. Buna görə komanda ən yaxşı oyununu göstərməlidir. Hər futbolçu maksimumunu ortaya qoymalıdır. Amma əlbəttə ki, “Arsenal”ın şansı var. Bəlkə də, autsayder statusu onların işinə yarayacaq. Fiziki gücdən və standart vəziyyətlərdən maksimum istifadə etmək vacib olacaq”.

“Arsenal” tarixində heç vaxt Çempionlar Liqasının qalibi olmayıb. PSJ isə turnirdə yeganə titulunu ötən il qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button