Bu “Braqa” bu “Qarabağ”ı uda bilməz…

Vüsal “Aydın” Qəmbərov

Futbolla azdan-çoxdan maraqlanan hamının beynində eyni sual fırlanır: “Qarabağ” “Braqa”nı keçəcək, yoxsa yox?”

Bu sual təbii olaraq məni də maraqlandırır və mənə də ünvanlanır. Hamı da imkanlar və bilgisi daxilində bu suala cavab verməyə çalışır.

Ümumi auranı belə dəyərləndirmək olar: “Braqa”nın səviyyə fərqindən dolayı üstünlüyü var, iki top fərqi çox deyil, üstəlik “Qarabağ” evdə daha narahat oynayır.

Amma… Yenə də biz nisbətən üstünük.

Məncə, bu səviyyə fərqindəki üstünlük hazırda çox da böyük məna kəsb etmir. İki top fərqi çox ciddi üstünlükdür ki, “niyə”sini bir azdan izah edəcəm. Hətta “Qarabağ”ın evdə səfərdəkindən daha narahat oynaması da indi bizi qorxutmamalıdır. Çünki cari mövsümdə bu tendensiya da dəyişib.

Sonuncu fikri sadə statistika ilə bağlayaq. Komandamız bu mövsüm avrokuboklarda 7 klubla qarşılaşıb və “Olimpiya”dan başqa, bütün hallarda ev oyunundakı nəticə səfərdəkindən yaxşı olub. Lüblyanalılarla işin belə gətirməsi isə səfərdən 0:2 hesabını gətirib, evdə rahat olmağımız və heç-heçənin bizə sərf etməsi ilə bağlı idi. Yəni hazırda sadəcə bu fakta baxanda “Braqa”nın şansı daha azdır.

Amma keçək əsas məqamlara. “Braqa”nı öz tələsinə salan “Qarabağ” Braqada üslub müqayisəsindəki üstünlüyündən faydalandı, buna söz yox. Ancaq bu belə, digər faktorla müqayisədə daha az təsirə sahibdir: “Braqa” düşərgəsindəki enerji əskikliyi. Komandanın baş məşqçisi olan Artur Jorje öz oyunçularını lazımınca kökləyə bilmir. Məsələ sadəcə top onlarda olanda axın-axın gəlmək, olmayanda səndələmək deyil. Heç çox vaxt top əllərində olanda da o enerjini görmək olmur. Belə komandaları dəyişməyin yeganə yolu baş məşqçi dəyişikliyidir.

Nə yalan deyim? Nəriman Axundzadənin vura bilmədiyi qoldan sonra yaddaşlar təzələndi və 2019-un avqustuna səyahət etdik. APOEL-i Nikosiyada 3:0 ilə “nokaut” etməliykən, yüz faizlik qolu qaçırdıq və hətta son saniyədə qol buraxdıq. Trametsani ilə yollar ayrıldı və biz səfər müzəffəri (2:1) olaraq Çempionlar Liqasının pley-offuna hazırlaşmağa başladıq. Artıq PSV ilə oyunun xəyalı qurulurdu. Tomas Doll gəldi və bir həftədə APOEL-i özünə gətirdi. Bakıda 0:2 və yollandıq Avropa Liqasına.

Keçən cümə axşamı arzum o idi ki, Jorjeni qovmasınlar. 2:4-dən sonra qovmadılar, amma Portuqaliya mediası iddia etdi ki, həftəsonu “Farense”ni də udmasalar, yeni baş məşqçi gələ bilər. 2:1 hesabı Jorjenin postdakı ömrünü uzatdı və görünən odur ki, “Qarabağ”ın şanslarını artırdı.

“Braqa”nın indiki durumunda daxili çempionata köklənməsi strateji olaraq daha məntiqli qərardır. Onsuz da hazırkı enerjiylə uzağa gedə bilməzlər. Amma Portuqaliya liqasında 4-cü yer uğrunda əzəli rəqibləri “Gimarayeş”lə qızğın rəqabət gedir. 5-ci olmaq qəbuledilməzdir. Bu mənada da, “Braqa”nın Bakıdakı oyuna artıq ölüm-dirim mübarizəsinə yox, “tutdu qatıq, tutmaz ayran” mentaliteti ilə gəlməsi mümkündür.

Bir az da oyunun təhlilinə baxaq və görək, niyə hazırki “Braqa”nın bu “Qarabağ”ı udması məntiqli deyil.

İki top fərqi niyə vacibdir?

“Braqa” irəli atılanda, müdafidə kompensasiya etmə, kanalları doldurma, hücum gücünün müdafiəyə dəstək verməsi, mövqelərı götürmə mövzularında problemlər yaşayır. Məsələn, “Farense”nin həftəsonu vurduğu qolda 8 “Braqa”lı 5 rəqibi bağlaya bilmədi. Özü də Barbosanın ötürməsi gözəl alınsa da, asta ötürülür ki, 2.3 saniyə havada qalır. Bu müddətdə “Braqa”nın müdafiəçilərindən 4-ünün də reaksiya verməyə imkanı var idi. Amma ikisi birdən Bellumini gözdən qaçırır.
“Braqa”nın ilk qolu isə rəqibin müdafiəsinin boşluğundan vurulur. Bu niyə vacibdir? “Braqa” kimi hücum potensialı zəngin komandalar qarşısıalınmaz hücumlar təşkil etməkdə mahirdir və hər oyunda bunlardan 3-4 dənəsini etməlidir. Bunun hesabına çox qol vururlar. Amma “Farense” kimi rəqibə qarşı belə, bunu bacarmadılar. İkinci qolu o kateqoriyaya aid etmək olar. Amma ümumi götürəndə “Braqa” zəif rəqbini əzə bilmədi. Söhbət sadəcə hesabdan da getmir.

Qayıdaq iki top fərqi məsələsinə. “Braqa” oyun məntiqi və taktiki vərdişlərinə əks getməlidir. Topu “Qarabağ”a verib meydanın bizə aid hissəsində pressinq qurmalı və bizim müdafiəçiləri səhvə məcbur etməlidir. Yəni “Qarabağ” təmkini” göstərməlidir. İki top fərqi isə bu ssenarini işləklikdən çıxarır. Çünkü “Qarabağ” da səbr göstərəcək və oyunu “öldürəcək”.

Böyük ehtimalla, “Braqa” lap əvvəldən təzyiq quracaq və bunu etdikləri bütün situasiyalarda müdafiədə boşluq veriblər. Yenə verəcəklər. Juninyo isə 90 dəqiqə kölgədə qalıb bir vəya iki qol vurmağa öyrəşdirib bizi. Bu möhtəşəm bir dəyər və güc deməkdir. Həm də, “Qarabağ” son oyunlarda qol potensialını xeyli artırıb. Yassin Benzianın sistemə uyğunlaşması və oyun keyfiyyətini artırmağı sayəsində artıq hücum 4-lüsü lap “Məşhərin dört atlısı”na çevrilib. Benzia-Andrade-Zubir-Juninyo kvarteti həqiqətən çox təhlükəlidirlər. Hətta, belə məntiqlə “Qarabağ”ın mütləq qol və ya qollar vuracağını proqnozlaşdırmaq olar. Amma hazırkı təmkinli “Qarabağ”ın 3-4 top buraxması real deyil.

Sadəcə, bir halda ki, “köhlən atlar” həyəcandan uşaq səhvləri buraxsa… Amma Qurban hocanın müsahibələrində “Bu bizi böyütdü” cümlələrini üst-üstə gəlsək, deyə bilərik ki, “Qarabağ” artıq xeyli böyüyüb…

Uğurlar, “Qarabağ”!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button