
Azərbaycan millisinin üzvü “Sabah”dan ayrıldı
Azərbaycan millisinin qapıçısı Yusif İmanov “Sabah”dan ayrılıb.
Komanda.az xəbər verir ki, qolkiper bu barədə şəxsi “feysbuk” hesabında paylaşım edib. O, 16 yaşından Bakı təmsilçisinin bir parçası olmağa başladığını vurğulayıb:
“O gündən bu günə qədər “Sabah” Futbol Klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu.
Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin, uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də, millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi.
Bu qərarı almaq asan olmasa da, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim.
Artıq bir aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi.
“Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm.
Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!”
Bizi Facebook-da izləyin



