Azərbaycan güləşçilərindən AÇ-də daha 2 medal

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı sona çatıb.

Komanda.az xəbər verir ki, sonuncu – altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

İntiqam Vəlizadə qitə birinciliyinə inamlı start verib. Güləşçimiz ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq daha sonra Yunanıstan güləşçisinə müqavimət göstərə bilməyib.

Nəsib İsayev Polşa təmsilçisiylə görüşdə 0:4 hesabıyla geri düşsə də, əzmkarlıq nümayiş etdirərək ardıcıl 10 xal qazanıb və 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə Rusiya güləşçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün İsayev iyunun 9-da təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən macar həmkarını mübarizədən kənarlaşdırıb. Beləliklə, həmyerlimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ancaq Nəsib gürcü rəqibinin öhdəsindən gələ bilməyərək 5-ci yerlə kifayətlənib.

Fuad Mayılov debütdə Gürcüstan pəhləvanına uduzub. Fuadın da rəqibi finaladək irəliləyib. Mayılov da iyunun 9-da təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb. Moldova güləşçisiylə görüşün ilk hissəsini 2:0 öndə tamamlayan Fuad ikinci hissədə rəqibə müqavimət göstərə bilməyib.

Mübarizəyə 1/4 finaldan başlayan Asxab Həmzətov Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans tanımayan Balakən güləş məktəbinin yetirməsi adını finala yazdırıb. Həmzətov iyunun 9-da həlledici qarşılaşmaya çıxıb. Rusiya idmançısına uduzan Asxab gümüş medalı boynundan asıb.

İslam Abuyev ilk görüşdə İsveç nümayəndəsindən güclü olub. İslam daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Ancaq Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığmamızın üzvü iyunun 9-da bürünc medal uğrunda güləşib və Türkiyə pəhləvanına qalib gələrək 3-cü yeri tutub.

61 kq
Təsnifat – İntiqam Vəlizadə – Stilyan Yançev İliev (BUL) 11:0
1/8 final – İntiqam Vəlizadə – Georgios Pilidis (GRE) 0:10

74 kq
Təsnifat – Nəsib İsayev – Kaçper Marçin Kraska (POL) 10:4
1/4 final – Nəsib İsayev – Dmitri Kuprin (RUS) 0:11
Təsəlliverici görüş – Nəsib İsayev – Benjamin Dobler (HUN) 13:2
Bürünc medal görüşü – Nəsib İsayev – Qoqa Mamiauri (GEO) 0:10

86 kq
1/8 final – Fuad Mayılov – Miriani Maysuradze (GEO) 6:14
Təsəlliverici görüş – Fuad Mayılov – İvan Nedealko (MDA) 4:11

92 kq
1/4 final – Asxab Həmzətov – Bojidar Mateyev Todorov (BUL) 7:0
1/2 final – Asxab Həmzətov – Matous Vondal (CZE) 6:0
FİNAL – Asxab Həmzətov – Aslanbek Sotiyev (RUS) 0:11

125 kq
Təsnifat – İslam Abuyev – Fardin Anoşen (SWE) 3:0
1/4 final – İslam Abuyev – Aşot Ruşanyan (ARM) 2:0
1/2 final – İslam Abuyev – Saypudin Maqomedov (RUS) 0:5
Bürünc medal görüşü – İslam Abuyev – Paşa Ekrem Karabulut (TUR) 4:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button