“Neftçi” – penaltiyə ən çox sevinən, “Səbail” – “qırmızı”ya ən çox üzülən STATİSTİKA

Azərbaycan Premyer Liqasında mövsümün bitiminə iki tur qalıb.

Komanda.az xəbər verir ki, çempionatda 26 turdan sonra “Qarabağ” 54 xalla liderdir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Neftçi”dir. “Ağ-qaralar”ın aktivində 53 xal var. Çempion böyük ölçüdə son turda müyəyyənləşəcək. Belə ki, 28-ci – sonuncu turda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Premyer Liqada marafonun bitməsinə az qalmış komandaların baş məşqçiləri və futbolçular emosional davranışları ilə seçilirlər. Belə ki, 24-cü turun “Sabah” – “Neftçi” matçında meydan sahiblərinin üç futbolçusu qırmızı vərəqə ilə cəzalanmış, vurulan dörd qoldan üçü penaltidən olmuşdu. “Neftçi”nin baş məşqçisi Samir Abasov isə oyunsonrası açıqlamalarına görə iki oyunluq diskvalifikasiya edilmişdi.

Premyer Liqada son turlarda hakimlərin verdiyi qərarlar ciddi narazılıq yaradıb. Qış fasiləsindən sonra demək olar ki, hər tur hansısa matçda “qırmızı” və ya penalti qərarı olub. Qırmızı vərəqəsiv və penaltisiz yeganə tur 17-ci tur olub.

Qış fasiləsindən sonra ən çox qırmızı vərəqəyə məruz qalan “Səbail” klubunun futbolçularıdır. Aftandil Hacıyevin komandasında dörd futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb. 15-ci turun “Sumqayıt” – “Səbail” matçında isə qonaqların iki futbolçusu “qırmızı” almış, komandanın əleyhinə penalti təyin edilmişdi. Sözgügedən qarşılaşmada “Sumqayıt” 3:0 hesablı qələbə qazanıb. “Səbail”dən sonra “Neftçi”, “Sabah” və “Qəbələ” daha çox “qırmızı” görüb. Bu komandanların aktivində qış fasiləsindən sonra üç “qırmızı” var. Futbolçusu cəzalanmayan yeganə komanda “Keşlə”dir. Turnir cədvəlinin sonuncusu olan bakılılar, elə “qırmızı” sayına görə də sonuncudurlar. “Qarabağ”, “Sumqayıt” və “Zirə”də isə bir “qırmızı” var.

Qış fasiləsindən sonra lehinə ən çox penalti qərarı verilən klub “Neftçi”dir. “Ağ-qaralar”ın futbolçuları 6 dəfə penalti qazanıb və hamısı da qolla nəticələnib. “Neftçilər”in əleyhinə isə üç dəfə penalti qərarı verilib.

Lider “Qarabağ”ın lehinə 4 penalti qərarı verilib ki, bunlardan da 2-si uğursuz olub. Bir dəfə Mahir Emreli, bir dəfə də Filip Ozobiç 11 metrlik zərbədən “çərçivə”yə düşə bilməyib. Ağdam klubunun əleyhinə isə iki dəfə penalti qərarı verilib.

Lehinə penalti verilməyən komandalar “Qəbələ” və “Zirə”dir. Hər iki kollektiv qış fasiləsindən sonra penalti şansı qazanmayıb. Bunun əksinə, bir dəfə “Zirə”nin, üç dəfə isə “Qəbələ”nin əleyhinə penalti təyin olunub.

Qırmızı vərəqə sayına görə komandaların sırası

  1. Səbail – 4
  2. Neftçi – 3
  3. Qəbələ – 3
  4. Sabah – 3
  5. Qarabağ – 1
  6. Sumqayıt – 1
  7. Zirə – 1
  8. Keşlə – 0

Lehinə və əleyhinə verilən penaltilər

  1. Neftçi – lehinə 6, əleyhinə 3
  2. Qarabağ – lehinə 4, əleyhinə 2
  3. Sabah – lehinə 3, əleyhinə 3
  4. Sumqayıt – lehinə 3, əleyhinə 1
  5. Səbail – lehinə 1, əleyhinə 2
  6. Keşlə – lehinə 1, əleyhinə 2
  7. Qəbələ – lehinə 0, əleyhinə 3
  8. Zirə – lehinə 0, əleyhinə 1