Azərbaycan millisi Avropa çempionatının yarımfinalında!

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma 1/4 finalda San Marino seçməsi ilə qarşılaşıb.

Oyuna fəal başlayan komandamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev olub.

Yığmamız yarımfinalda Malta komandası ilə üz-üzə gələcək. Oyun iyulun 2-də, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. Komandamız qrup mərhələsində məhz bu rəqiblə qarşılaşmış və 71:73 hesabıyla məğlub olmuşdu.