Azərbaycan cüdoçusu Daşkənddə gümüş medal qazandı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə qran-pri turniri başa çatıb.

Komanda.az xəbər verir ki, beynəlxalq yarışın son günü Azərbaycan millisi üçün uğurlu olub.

Kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsoyev Ukrayna, Amerika Birləşmiş Ştatları və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançımız gümüş medala layiq görülüb.

Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldı. Mötəbər yarışın ilk günü qadın cüdoçumuz Leyla Əliyeva da 2-ci yeri tutub.

Qeyd edək ki, Özbəkistanda dünyanın 70 ölkəsindən 421 cüdoçu qüvvəsini sınayıb.