Avropada yeni Super Liqa yaradıldı – rəsmi

Avropanın 12 futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.

Komanda.az xəbər verir ki, bu barədə klubların rəsmi saytları məlumat yayıb. Yeni Super Liqanın ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Turnirdə 20 komanda iştirak edəcək. Bunlardan 15-i təşkilatçı klublar olacaq, digər 5-i isə daha sonra əlavə olunacaq. Avqustda başlayacaq yeni Super Liqada komandalar iki qrupa bölünəcək. Hər qrupda 10 komanda yer alacaq.

Super Liqanın prezidenti Florentino Peres (“Real”ın prezidenti), vitse-prezidenti Andrea Anyelli (“Yuventus”un prezidenti) ilə Coel Qleyzer (“Mançester Yunayted”in həmsədri) olacaq.

Avropa Super Liqasının yaradılması qərarı UEFA və FİFA-da narazılığa səbəb olub. Sözügedən qurumlar Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.