“Avroliqanı ÇL-dən ayırmıram” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm”.

50 yaşlı mütəxəssis futbolçularının üzgün olduğunu bildirib: “Onlarla danışdım, dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır”.

O, Avropa Liqasını Çempionlar Liqasından ayırmadığını söyləyib: “Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Bundan sonra irəliyə baxmaq lazımdır. Böyümək istəyirik. İstədiyimiz proqramla çalışmaq istəyirik. Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam. Sadəcə, futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik”.

O, yeni transferlər etmək istədiklərini söyləyib: “Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur”.

Baş məşqçi ikinci hissədə zədələnən Riçard Almeydanın durumuna da toxunub: “Topuğu burxulub. Bir az şiş və ağrı var. Ona görə davam edə bilmədi. Çox yaxşı oyun göstərdi. Bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu oldu. Amma digər futbolçular da pis oynamadılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button