
Alın, bu da sizə Yusif İmanov!
Ötən il “Sabah”dan səs-küylü şəkildə ayrılıb Kosovoya yollanan Yusif İmanov çox keçmədən geri qayıtdı. “Malışeva”da karyerası alınmayan 23 yaşlı qapıçı “Kəpəz”ə keçdi. Həmin vaxt futbolçu etdiyi paylaşımda “Sabah” rəhbərliyini ayrı-seçkilikdə ittiham etmişdi:
“Təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin, uyğun şəraitin yaradılmaması karyerama, xüsusilə də, millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi”.
“Sabah”dan göndəriləndə mətbuat da İmanovu müdafiə edib, Masazır təmsilçisini qınamışdi ki, yerli futbolçuya şans verilmir, incidilir və sair. Alın, bu da sizə Yusif İmanov! Reallıq kifayət qədər sərt görünür: Yusif “Kəpəz”də də özünü göstərə bilmir.
Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində dünən keçirilən “Kəpəz” – “Neftçi” matçında da (1:3) səhvləri ilə yadda qalan İmanov, elə Gəncə klubunun heyətində bundan əvvəlki oyunlarda da ciddi səhvlərə yol verib və komandasını çətin durumda qoyub. Bu isə həftəboyu çəkilən əziyyətin sonda uğursuzluqla nəticələnməsinə gətirib çıxarır, önəmli xalların itirilməsi ilə nəticələnir. Onsuz da komandanın durumu ürəkaçan deyil, turnir cədvəlində sonuncudan əvvəlki pillədə qərarlaşıb.
“Neftçi” ilə matçdan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov da açıqlmasında İmanovdan şikayətlənib. Baş məşqçi çox “ucuz qollar” buraxmalarını dilə gətirərək, hətta Yusif barəsində tədbir görüləcəyini də bildirib. Bu isə milli komandanın da üzvü olan qapıçı üçün ciddi xəbərdarlıqdır. Sitat:
“Bu gün (dünən) Yusif İmanovun səhvləri var idi. Əvvəlki oyunlarda da bu olmuşdu. Təhlil edib, qərar verəcəyik. Yəqin ki, ölçü götürülər”.
Qısası, “yerli oyunçulara şans vermək lazımdır” deməklə olmur, yerli futbolçu da üzərində işləməlidir, inkişaf etməlidir, biabırçı səhvlərə yol verməməlidir. “Yerliyəm” deyərək, məsuliyyətsiz davranmaq klubun həm maraqlarına, həm də gələcəyinə ciddi zərbə vura bilər. Axı, bu səhvlər komandanı vacib xallardan edir və itirilən hər xal mövsümün sonunda Premyer Liqadan düşmək ehtimalını yüksəldir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



