
AFFA Premyer Liqa klublarının akademiyalarının reytinqini açıqladı – “Sabah” birincidir
AFFA klubların akademiyaları ilə bağlı simulyativ qiymətləndirmənin nəticələrini açıqlayıb. 0–10 bal aralığında aparılan ilkin dəyərləndirmə akademiyaların mövcud vəziyyətinin ümumi mənzərəsini təqdim edir və gələcəkdə tətbiq olunacaq 5 ulduz modeli üzrə geniş audit üçün baza rolunu oynayır.
Hesabatda ən diqqətçəkən məqam “Sabah”ın akademiyasının siyahının zirvəsində qərarlaşmasıdır. 8,0 orta göstərici ilə 4 ulduz qazanan Masazır təmsilçisi infrastruktur, məşq keyfiyyəti və məşqçi rifahı kimi əsas komponentlərdə yüksək nəticə göstərərək, digər klubları qabaqlayıb. Bu nəticə “Sabah”ın son illərdə akademiya sisteminə etdiyi yatırımların və strukturlaşmanın öz bəhrəsini verməyə başladığını göstərir.
İkinci və üçüncü pillələri müvafiq olaraq “Turan Tovuz”la “Sumqayıt” bölüşür. Hər iki klub 6,4 orta göstərici ilə sabit performans nümayiş etdirib və orta səviyyəli akademiyalar sırasında yer alıb. Onların nəticələri göstərir ki, düzgün idarəetmə və davamlı inkişaf yolu ilə daha yüksək pillələrə yüksəlmək mümkündür.
Orta sıralarda qərarlaşan “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın akademiyaları isə müəyyən sahələrdə geridə qalması ilə diqqət çəkir. “Qəbələ” akademiya göstəricisində yüksək bal toplasa da, digər istiqamətlərdə zəif nəticələr ümumi reytinqə təsir edib. Bu isə balanslı inkişafın vacibliyini bir daha önə çıxarır.
Siyahının aşağı hissəsində yer alan “Zirə”, “Şamaxı”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Karvan-Yevlax” və “İmişli” isə akademiya infrastrukturu və idarəetmə baxımından daha ciddi problemlərlə üzləşir. Bu mənada, cari mövsümdə Premyer Liqanı tərk etməyə ən real namizəd olan “Karvan-Yevlax” infrastuktur baxımından az fərqlə də olsa, rəqiblərini üstələsə də, digər komponentlərdə aşağı-yuxarı eyni göstəricilərlə “göz oxşayır”. Belədə, bu komandalar üçün mövcud nəticələr gələcək islahatların zəruriliyini ortaya qoyur.
AFFA-nın təqdim etdiyi hesabat ölkə futbolunda akademiya sisteminin hazırkı vəziyyətini anlamaq və inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bizi Facebook-da izləyin



