Maldini İtaliya millisinə qayıdır

İtaliya futbolunun tanınmış simalarından olan Paolo Maldini milli komandanın strukturuna qayıtmağa yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

“Milan”ın sabiq kapitanı İtaliya millisində texniki direktor vəzifəsini tuta bilər. Bildirilir ki, Covanni Malaqo (İtaliya Futbol Federasiyasının yeni prezidenti) dünya çempionatının seçmə mərhələsindəki uğursuzluqdan sonra Cennaro Qattuzo (sabiq baş məşqçi) və Canluici Buffonun ayrılmasının ardından milli komandanın rəhbərliyində yenidənqurma işləri aparır.

Hazırda yığmanın baş məşqçi postuna əsas namizədlər Antonio Konte və Roberto Mançini hesab olunur. Ancaq Malaqo əvvəlcə texniki direktorun təyinatını rəsmiləşdirmək, daha sonra isə baş məşqçi ilə bağlı yekun qərar vermək niyyətindədir.

Maldini son vaxtlara qədər yekun razılıq verməsə də, tərəflər hazırda anlaşmaya xeyli yaxınlaşıblar. Federasiya danışıqların müsbət yekunlaşacağına inanır və prezident bu həftənin sonunadək Maldininin cavabını almağı planlaşdırır.

İtaliyalı sabiq futbolçunu bu vəzifəyə cəlb edən əsas məqamlar milli komandanın futbol strukturuna geniş nəzarət imkanına sahib olmaq və gənc italyan futbolçuların inkişafında mühüm rol oynamaq perspektividir.

58 yaşlı mütəxəssis 2023-cü ilin iyununda “Milan”dan ayrıldıqdan sonra futbolda heç bir rəsmi vəzifə tutmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button