
Şahin Diniyev: “Messinin dünya çempionatında qalması böyük bir hadisədir”
İyunun 11-dən ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə start götürən DÇ-2026-da artıq 1/8 final mərhələsinə yekun vurulub.
Mundialla bağlı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrəndik. Ondan hansı komandaya azarkeşlik etdiyini və onu təəccübləndirən hansı komandanın (və ya oyunun) olduğunu soruşduq.
Diniyevin Komanda.az-a açıqlamasını təqdim edirik:
“Çempionat çox maraqlı keçir. Həqiqətən, yüksək səviyyədə təşkil olunmuş bir turnirdir. Deyərdim ki, indiyə qədər belə yüksək səviyyəli dünya çempionatı görməmişdim. Həm də, hər bir şey yerindədir və rəqabətdə də bu gün komandaların gücləri artıq bərabərləşir. Əvvəllər Asiya, Afrika, Avropa və Cənubi Amerika komandaları arasında fərqlər var idisə, artıq o fərq də bu gün görünmür. Doğrudan da, hər mənada bu gün yüksək səviyyədə bir futbol görürük. Başlıcası, ən böyük məsələ hər zaman futbolda olan hakimlikdir. Burada hakimlik elə bir səviyyədədir ki, balaca bir irad da tutmaq olmur. Bəzən futboldur, olur, ancaq belə düşünürəm ki, hakimlik çox yüksək dərəcədədir.
O ki qaldı azarkeşlik məsələsinə, biz futbola azarkeşlik edirik, ancaq onun ətrafındakılar da çox vacibdir. Həqiqətən, bilinməyən, proqnoz verilməyən bir çempionatdır. Böyük komandalar ulduzları ilə bərabər bir-bir dünya çempionatına “əlvida” deyirlər. Amma dünən bir qəhrəman qaldı (Lionel Messini nəzərdə tutur). Ona görə, çempionat ulduzları ilə gözəldir. Messinin dünya çempionatında qalması böyük bir hadisədir. Və ümumiyyətlə, komandaların bir başlanğıcı var idi. Kim necə başlayırdı? Elələri var idi ki, yüksək səviyyədə start götürdü və sonra gücləri çatmadı. Elə komandalar da var idi ki, addım-addım başladılar və getdikcə tempi artırdılar. Ona görə, bu çempionat həm komanda, həm də taktiki cəhətdən düzgün oynayıb, gücü düzgün bölüşdürmək baxımından ağıllı bir çempionatdır. Burada artıq təhlil, kompüter sistemləri və baş məşqçinin bacarığı böyük rol oynayır. Komandanı hansı oyuna hansı formada çıxarmaq üçün məşqlərin və psixoloji baxımdan danışıqların önəmi böyükdür.
Qaldı ki konkret komandalara, Braziliya millisinin mübarizəni erkən dayandırması böyük bir mənfi hadisə idi. Ona görə ki, “sambaçılar” doğrudan da futbol oynayırdı. Bəli, liderlərinin olmaması, Neymarın sonda oyuna daxil olması, bəzi səhvlər… Həm penalti qaçırdılar, həm qol vəziyyətləri çox oldu. Sadəcə, Erlinq Haland kimi bir ulduz oyunun taleyini həll etdi.
İndi hazırda Argentina millisinin tərəfdarıyam. Komanda doğrudan da xoş bir futbol oynayır və orada bayaq dediyim bir ulduz var. Messi 39 yaşında oyunun taleyini dəyişə bilən, komandanı çiyinlərində daşıyan bir ulduzdur, tarixdir. Düşünürəm ki, bu adamın futbol tarixində hər oyuna çıxması, həm də qolları rekord qırır. Düzdür, antirekord da var, yəni, penaltini qaçırması ilə bağlı. Ancaq Messi, həqiqətən, dünən göstərdi ki, komandanın lideri necə olur”.
Diniyev, DÇ-2026-da 1/4 finala çıxan komandaların hamısının bu mərhələyə layiq olduğunu düşünür:
“İspaniya millisi maraqlı komandadır. Sabit bir futbol oynayır. Ulduzları yoxdur, ancaq sabit çıxış edirlər. Bu çempionatda görünən o oldu ki – 90 faiz belə idi – komandanın daxilində lider varsa, o liderlər komandanı aparırlar. Necə ki, İngiltərədə Harri Keyn, Argentinada Messi, Kriştiano Ronaldo Portuqaliyada, Norveçdə Haland… Belə-belə, bax, bunlar komandanı öz bellərində aparırdılar. O sarıdan İspaniyada bu yoxdur, kollektiv şəkildə mübariz aparırlar və yaxşı bir sistemləri var. Onu icra etməyə çalışırlar. Belçika millisi də o bayaq bildirdiyim addım-addım başlayan komandalardan idi. Onlar da komanda şəklində yaxşı mübarizə aparırlar.
Qalan 8 komandanın hamısı buna layiqdir. Və dünən Misir yığması da elə bir mübarizə apardı ki, həqiqətən, adamın, belə deyim, yazığı gəldi. Digər tərəfdən də Argentina millisinin qıraqda qalması da düzgün deyildi.
Mərakeş millisi bu gün tam başqa, yaxşı bir futbol oynayır. Hücumda və müdafiədə balanslaşmış bir komandadır.
İngiltərə yığması da… Xorvatiya millisi ilə ilk oyunu (4:2) çox yüksək səviyyədə keçirdilər. Sonradan bir az eniş oldu. Düşünürəm ki, o bayaq saydığım səbəblər olacaq ki, komandalar başqa cür olacaqlar. Qalan 8 komanda düşünürəm ki, qrandlardır. Və burada bir məqam da var. Bu gün Avropa futbolu göstərdi ki, dünya futbolunda hegemonluğunu davam etdirir. Yəni, 6 komanda son 8-in arasına düşüb. Digər ikisindən biri Cənubi Amerika, digəri isə Afrika komandasıdır. Avropa futbolu bir daha göstərdi ki, digər qitələrdən daha üstündür”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



