“Derbinin məsuliyyətini anlayırıq” – “Kəpəz”in futbolçusu
“Qərb derbisi mənim üçün prinsipiallıq daşımır”.
Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Premyer Liqanın 11-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyun barədə danışıb:
“Ötən mövsümü rəqib komandanın heyətində oynamışam. Qərb derbisi mənim üçün prinsipiallıq daşımır. Növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə alaraq matçın prinsipial olduğunu deyə bilərik. Meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.
Braziliyalı hücumçu hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində çalışdıqlarını bildirib:
“Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir. Oyuna yaxşı hazırlaşmaq üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbinin məsuliyyətini anlayırıq”.
“Turan Tovuz” – “Kəpəz” matçı oktyabrın 25-də, saat 19:00-da başlayacaq.
Bizi Facebook-da izləyin