“Bu, mənim üçün sonuncu Avropa çempionatıdır, əlimdən gələni edəcəm ki…”
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyev Avropa çempionatının startı ərəfəsində fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, millimizin hücumçusu bu gün Çexiyaya qarşı keçirəcəkləri oyundan öncə federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur. Aşkar favorit komandalar var, VNL-in qalibi Türkiyə kimi. Digər rəqiblərimizi mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq prosesi keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Özümü ayrılıqda götürdükdə, mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək, yaxşı nəticə qazanaq.
İlk olaraq məqsədimiz qrupdan çıxmaqdır, sonra isə mümkün qədər irəli getməkdir. Əlbəttə, bütün zədələrə, ağrılara baxmayaraq, çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, əvəzsiz qalmasın. Bir idmançıya nə lazımdır, əməyinin, zəhmətinin qarşılığını görmək.
Bu, mənim üçün 6-cı və sonuncu Avropa çempionatıdır. Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq. Biz komada olaraq bütün bunları etməyə çalışacağıq”.
Millimizin blokçusu Anastasiya Mertsalova da ilk oyundan öncə fikirlərini bölüşüb:
“Avropa çempionatında ilk oyunumuza çıxacağıq və rəqibimiz Çexiya yığması olacaq. Biz bu oyuna hələ Sloveniyadakı təlim-məşq toplanışında hazırlaşmağa başladıq və burada, Düsseldorfda video görüntülərlə davam etdik. Hər bir oyunçunu izləmişik, rəqibin oyununa qarşı bizə müəyyən tapşırıq və göstərişlər verilib. Əlbəttə ki, məqsəd yalnız qələbədir.
Artıq öz bacarıqlarımızı və hazırlıq prosesindəki tapşırıqları tətbiq etmək istəyirik.
Komandamız mübariz əhval-ruhiyyədədir, biz sona qədər mübarizə aparmağa hazırıq və səbirsizliklə startı gözləyirik”.
Bizi Facebook-da izləyin