Cüdo Federasiyasının loqotipi yeniləndi

Azərbaycan Cüdo Federasiyası təşkilatın inkişaf strategiyasına uyğun olaraq, loqotipinin tamamilə yenilənməsini həyata keçirib.

Komanda.az xəbər verir ki, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdo idman növünün yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və həmçinin, bu idman növü üzrə mövcud olan son trendlər əsas götürülüb.

Federasiyanın baş katibi Rəşad Rəsullu bildirib ki, əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplər əsas götürülüb: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan, yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə edilib. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.

Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri kimi “tai-otoshi” – iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.

Ölkəmizdə ən sevilən idman növlərindən biri olan cüdonun yeni korporativ kimlik qazanması Azərbaycan cüdosunun beynəlxalq səviyyədə daha çox tanınması və ölkə daxilində cüdonun populyarlaşdırılması istiqamətində öz töhfəsini verəcək. Yeni loqotip Federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcəkdir və prosesin aprel ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button