Osmanı çağırın!
Hüseyn Cəbrayıloğlu
Bir az səbr etmək lazım idi. İnsanlar Azərbaycan millisi ilə bağlı bütün qəzəb, kin, lağlağı fikirlərini ifadə edənə kimi gözləmək daha məqsədəuyğun olardı ki, mən də onu gözlədim. Tənqid etdilər, bütün maraqlı kollajlar, lətifələr ölkənin türklər demiş, A millisinə həsr olundu və hamı növbəti dəfə ölkədə futbolun küçələrimizin kənarına düzülən bəzəkli divar laylarının arxasında gizlənən zibilliklər modunda olduğuna əmin oldu.
Əslində az da olsa, nikbinliyə səbəb var idi. O mənada ki, Azərbaycan futboluna göydən zənbillə düşmüş kadrlardan sayılan Osman adlı mütəxəssis Nikola Yurçeviçin tərcüməçisi vəzifəsinə təyin olunmuşdu. Osman AFFA-nın hərbiləşdirilmiş dilində desək, Xüsusi Təyinatlı Dəstəsinin SAT qrupuna daxildir. Bəzən sudan quruya çıxıb tərcüməçi olur, bəzən helikopterdən kəndirlə enib, AFFA-dakı məşqçi kurslarında dərs deyir, bəzən də üzü maskalanmış halda gecə əməliyyatına gedib, ölkə mətbuatına Pep Qvardiola misalı müsahibə verib, gündəmi alt-üst edir. Son müsahibəsini də təqribən bir ay öncə vermişdi. Oxudum… Adam sətiraltı anladırdı ki, sizin, yəni bizim, toplum olaraq hamımızın bildiyi fidboldur. Futbol isə Osmanın, Elxanın, onun bir üstünün, Musayev Raminin anlaya biləcəyi oyundur.
Azərbaycanda Yunis Hüseynovun, Nazim Süleymanovun və bu sırada hamının bir üstü Ağasəlim Mircavadovun bekar qaldığı dönəmdə bir gün olsun işsiz qalmayan Osman belə, Yurçeviçlə birləşib Litvanı 9 milliləşdirilmiş legionerlə məğlub edə bilmədilər. Nə hikmətdirsə, bizim fidbol onların futbolunu “döyür”. Mən konkret olaraq yazımda səbəblər, problemlər haqqında danışmaq fikrində deyiləm və düşünürəm ki, bununla bağlı “CBC Sport”un efirə çıxardığı, Osmanın da üzv olduğu “Xüsusi, bir də dırnaq içərisində olan Təyinatlılar”ı danışsın.
Ayrı nəsnədən danışacam. Təxminən bir ay öncə ölkə prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşdü. Son 16 illik tarixdə ilk dəfə bütün tabular pozuldü və dövlət başçısına, 16 illik nazir Əbülfəz Qarayevin üzünə dirənərək, bu sahədəki problemlər haqqında bilgi verildi. Səhrada susamış bəndələr kimi ləhləyə-ləhləyə, xüsusi aclıqla Afaq Bəşirqızının, Mehriban Zəkinin çıxışlarına qulaq asdıq. Doymadıq… Bir də tamaşa etdik. Bildiyim qədəri ilə bu görüşün formatı müxtəlif sahələr üzrə davam etdiriləcək. Düşünək ki, növbə gəlib çatdı idmana və bizim başıbəlalı futbola. Ölkə başçısına Azərbaycanın zorlanmış, məhv edilmiş, 30 il arxaya salınmış futbolu haqqında kim məlumat verəcək? Azərbaycan futbolu son illərdə Osman kimi “xüsusi təyinatlılar” yetişdirib. Hanı bizim ölkə futbolunun Mehriban Zəkisi, Afaq Bəşirqızısı? Kim danışacaq?
Bizi Facebook-da izləyin