İkisi uduzdu, biri heç-heçəyə razılaşdı
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqibləri – Lüksemburq, Kipr və Monteneqro bu gün yoxlama matçına çıxıb.
Komanda.az xəbər verir ki, Lüksemburq Lixtenşteynlə, Kipr Çexiya ilə, Monteneqro isə Latviya ilə qarşılaşıb. Lüksemburq və Kipr yığmaları meydanı məğlubiyyətlə, Monteneqro isə heç-heçə ilə tərk edib.
Podqoritsada baş tutan Monteneqro – Latviya matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qonaqlar 26-cı dəqiqədə hesabı açsalar da, Monteneqronun heyətində İqor İvanoviç 90+1-ci dəqiqədə status-kvonu bərpa edib.
Kipr yığması Çexiya ilə Larnakadakı “AEK Arena”da üz-üzə gəlib və meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Çexlərin 13 və 43-cü dəqiqələrdəki qolları qarşılığında Loyzos Loyzu 32-ci dəqiqədə fərqlənib.
Lüksemburq yığması isə Lixtenşteynlə matçda 1:2 hesabıyla uduzub. Meydan sahiblərinin təsəlli qolunu 72-ci dəqiqədə Jerson Rodriqes vurub.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da səfərdə Monteneqro ilə üz-üzə gələcəksə, ayın 13-də Albaniyada Kiprlə münasibətlərinə aydınlıq gətirəcək.
Bizi Facebook-da izləyin