Vaqif Sadıqov: “Nəhayət, Azərbaycan millisində komanda şəklində birliyi görə bildik”

Azərbaycan millisi ötən ayın son günlərində FİFA Series-2026 turniri çərçivəsində uğurlu çıxışı ilə diqqət çəkdi.

Komanda əvvəlcə Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edərək tarixinin ən böyükhesablı qələbəsinə imza atdı. Ardınca isə Syerra Leone ilə qarşılaşan milli əsas vaxtı 1:1 başa çatan matçda penaltilər seriyasında daha dəqiq oldu – 9:8.

Millinin çıxışı ilə bağlı AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik. Azərbaycan yığmasının sabiq baş məşqçisi Komanda.az-a açıqlamasında əvvəlcə turnirin əhəmiyyətinə toxundu:

“İlk olaraq onu bildirmək istərdim ki, bu yoxlama oyunları FİFA-nın təşkil etdiyi turnir çərçivəsinə təsadüf etdi. Komanda öz azarkeşləri önündə çıxış edərək uğurlu nəticə qazandı. Bu turnirdə əsas məqsəd yığmanın gələcəyini müəyyənləşdirmək, əsas heyəti və ona ən yaxın ehtiyat qüvvəni formalaşdırmaq idi. Bundan sonra planlı şəkildə fəaliyyət davam etdirilərək, UEFA Millətlər Liqasına tam hazır vəziyyətdə getmək hədəflənir.

İlk addım atıldı və müsbət nəticə verdi. Gələcəkdə də millimizə uğurlar arzulayıram. Rəqibləri çox müzakirə etmək istəmirəm, əsas odur ki, komanda hər iki oyunda istəkli idi. Nəhayət, komanda şəklində birliyi görə bildik”.

Sadıqov millidəki mövcud problemlərin normal hal olduğunu vurğuladı:

“Düzdür, baş məşqçi Ayxan Abbasov da qeyd edib ki, problemlər var və bu, normaldır. Ən vacibi odur ki, bu çatışmazlıqlar görünür və rəsmi oyunlara qədər onların aradan qaldırılması istiqamətində iş aparılacaq”.

Mütəxəssis UEFA Millətlər Liqası ilə bağlı hədəflərə də toxundu:

“Düşünürəm ki, əsas məqsəd birinci yeri tutaraq C Liqasına vəsiqə qazanmaqdır. Bu, baş məşqçi tərəfindən də əvvəlcədən bildirilib. Keçirilən oyunlar həmin turnirə hazırlıq kimi qiymətləndirilməlidir. Ən vacibi odur ki, komanda uğurlu nəticələrlə özünəinamı qaytarmağa çalışdı. İnam çox vacib amildir və komanda şəklində çıxış bunu göstərdi. Bu, komanda daxilində sağlam ab-havanın olduğunu göstərir. Bu şəraitdə mövcud nöqsanları aradan qaldırmaq və hədəfə doğru irəliləmək lazımdır. Hesab edirəm ki, məşqçi heyəti də bunu anlayır və maksimum çalışacaq”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button