
Qurban Qurbanov: “İstəməzdik ki, azarkeşlərimizin qarşısında belə hesabla məğlub olaq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”la ilk qarşılaşmadan sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:6 hesablı məğlubiyyət haqda bunları söyləyib:
“Əfsuslar olsun ki, belə bir məğlubiyyət oldu. İstəməzdik ki, azarkeşlərimizin qarşısında belə böyük hesabla məğlub olaq. Lakin bu, futboldur. Çempionlar Liqası fərqli səviyyədir. “Nyukasl” ən sürətli oyun oynayan komandalardan biridir, komandanın fiziki hazırlığı yüksək səviyyədə idi.
Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, bizi sona qədər dəstəklədilər. Lakin ruhdan düşməməliyik, bu, futboldur. Ən azından Azərbaycanda böyük futbolu hiss etdik, böyük məşqçiləri gördük.
Qələbə rəqibin haqqı idi.
Oyundan əvvəl futbolçularımın yanında olduğunu söylədim. Bədavi ilə müdafiəni gücləndirmək istədim və o da yaxşı performans göstərdi. Belə oyunlardan sonra hər zaman futbolçularımı sakitləşdirirəm. İngiltərə komandaları hər zaman çox sürətli və aqressiv olur. Qarşımızda rəqibini bağışlamayan komanda var idi. Onlar İngiltərədə seçilirlər.
Mənim fikirlərim özünü sığortalamaq kimi səslənə bilər. Lakin oyundan oyuna rəqiblərin səviyyəsi daha çox qalxır və gücləri fərqli olur. Fikrimcə, azarkeşlərimiz də artıq bunu qəbul ediblər və komandanın yanında oldular. Onlara xüsusilə təşəkkür etmək istəyirəm. Azarkeşlərimiz rəqib azarkeşlərinə birliyimizi göstərdilər.
Bizim dəyişiklik etməyə vaxtımız yox idi. Bacardığımız qədər oyunumuzu yaxşılaşdırmaq istəyirdik, lakin rəqibin səviyyəsi bəlli idi. Buna görə də futbolçularımızda həyəcan var idi”.
Baş məşqçi, eyni zamanda, komandanın müdafiəçisi Bəhlul
Mustafazadənin zədəsi haqda sualı cavablandırıb:
“Əzələ dartınması var, lakin sabah daha dəqiq bilinəcək”.
Cavab qarşılaşması fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək
Nəzrin
Bizi Facebook-da izləyin



