“Qalib gəlsək də, səhvlərimiz çox oldu” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Maraqlı oyun oldu. Əminəm ki, azarkeşlər razı qaldı oyundan. Düzgün oyun oynamaq, oyunu hiss etmək vacib idi. Müəyyən səhvlər olsa da, yaxşı oyunun şahidi olduq. Hər iki komanda yaxşı qol epizodları yaratdı. Çox yaxşı oyunçuları olan rəqibə qarşı oynadıq. Stadionda atmosfer əla idi. Belə azarkeşlər qarşısında oynamaq xoş idi. 3:1 qalib gəlsək də, çox səhvlərimiz oldu. Həmin səhvləri aradan qaldırmalıyıq.
  • Uzun müddət sonra Kevin Medina və Maksim Medvedevin adı iştirak ərizəsində idi. “Olimpiakos”la oyunda meydana çıxa bilərlər?
  • Hər şey yaxşılığa doğru gedir. Start heyətdə olmaya bilərlər, amma ehtiyac yaranarsa, onlardan istifadə edə bilərik. Tam bərpa olunublar. Fiziki baxımdan bir qədər çatışmazlıq var. Onu da oynayaraq bərpa etməlidirlər.
  • Yenilənən “Neftçi” nə ilə diqqətinizi çəkdi?
  • Öz oyun üslubu var. Hər bir detalı açıqlamaq düzgün çıxmaz. Bəzi elementlərə qarşı hazırlaşmışdıq. Pis də alınmadı. Ümumən, texniki futbol göstərməyi bacarırlar. Maraqlı futbolçuları var. Komplektləşmiş komandadır. Özlərini meydanda çox rahat hiss edirlər. İstənilən oyunda 5-6 qol vurmaq qabiliyyətindədirlər. Diqqətsiz yanaşsaq, nəyisə nəzərdən qaçırsaq, bunu bacararlar. İlk hissədə imkanları daha çox oldu. Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu.
  • “Nant” üzərində qələbə azarkeşlərin inamını artırıb və “Olimpiakos”la görüşdə də 3 xal gözləyirlər…
  • Azarkeşlərimiz həmişə bizə inanırlar. Onlar üçün fərqi yoxdur, hər rəqiblə oyunda qələbə gözləyirlər. Bəzən real baxmaq lazımdır. Onların qələbə istəyi bizi daha məsuliyyətli edir. Futbolçular bunu dərk edir. İstənilən rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanmaq istəyirik. “Olimpiakos”la oyuna hazırlaşmaq mənim üçün daha çətin olacaq, nəinki onlar üçün. Baş məşqçiləri dəyişib. Hansı gedişləri edəcəyi bilmirik. Sabahkı oyunlarına baxandan sonra futbolçularımıza bildirəcəyik. Şansımız varsa, istifadə etməyəç çalışacağıq. Marko Yankoviçin vəziyyəti məni narahat edir. Millidə bir qədər zədə almışdı. Bu gün ağrılar hiss edirdi. Əsas məsələ tam sağlam olmağımızdır.
  • “Neftçi” bir hissə “Qarabağ”a müqavimət göstərdi. Komandanız yenə qarşısıalınmaz görünür. Bu rəqabətsizlik sizi narahat etmir?
  • Biz çox istəyirik ki, minimum tempi qoruyub-saxlayaq. “Neftçi”nin bir hissə müqavimət göstərdiyini dediz, amma potensialları çox böyükdür və əksi də ola bilərdi. Bunu düşünərək, qarşıdakı oyunlara biganə yanaşa bilmərik. İlin sonuna kimi sıx qrafikimiz var. Vacib dönəmdir. İndi əldə etdiyimiz hər xal bizim üçün çox vacibdir. Komanda mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir. “Neftçi” çox ciddi rəqibdir.
  • “Zirə” ilə matçda 7:1 hesablı qələbədən sonra Rəşad Sadıqovla aranızda ilk dəfə ciddi mübarizə getdiyi müzakirə olunur. Həmin görüşdən sonra onunla söhbətiniz olubmu?
  • Heç vaxt Rəşadla bir-birimizi müzakirə etmirik. Biz onunla çox yaxşı dostuq. Sadiqliyimiz də odur ki, idmanda bir-birimizə güzəşt etməmirik. Çox fikirlər ola bilər. Bizim dostluğumuz gündən günə dərinləşir. Mövzudur, danışır, fikir bildirirlər. Hər kəsin düşüncəsi eyni ola bilməz. Həmişə bir-birimizin üzünə dik baxmışıq. Öz aramızda futbol oynayanda belə, aramızda mübahisələr olur. Çox fikir bildirmək istəmirəm. Oyundan sonra da danışdıq, söhbətləşdik. Bu baxımdan narahat deyiləm. Dostluğa sadiqiksə, heç bir narahatlıq ola bilməz.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button