Zəfərin ölümü, Azərbaycan millisinin qələbəsi

Rəşad Ergün

Azərbaycan millisi “FİFA Series-2026” beynəlxalq turnirində keçirdiyi hər iki oyunda qalib gəldi. Əlbəttə, rəqiblər dünyanın ən güclüləri, hətta heç ortababları sırasında da deyildi. Azərbaycanlıların çoxu bəlkə də, Sent Lüsiya adlı ölkənin varlığından da xəbərdar deyildi. Ta ki, bizim milliyə məğlub olanadək. Syerra Leone FİFA-nın reytinq sıralamasında bizdən öndə olsa da, onları da sayılıb-seçilən milli komandalardan saymaq olmaz.

Amma qələbə qələbədir. Baxmayaraq ki, Azərbaycan millisi “FİFA Series-2026”-da qalib olandan sonra sosial şəbəkədə xeyli soydaşımız özünə əziyyət verərək, komandanı ələ saldı, rəqiblərini aşağılamağa çalışdı. Və belə görünür ki, bütün sahələrdə Avropadan azı 200 il, istedadlı futbolçu baxımından hətta Afrika ölkələrindən də 100 il geridə qalan Azərbaycanın millisindən gözləntilər çox yüksəkdir. Yəni, az qala belə təəssürat yaranır ki, hər birimizin çalışdığı sahədə peşəkarların, istedadların, ən ümdəsi, vicdanlı şəxslərin sayı aşıb-daşır, bircə futbolda vəziyyət “zibil”dir. Doğrudan belədir?

Sosial mediada da aktiv olan dostumuz Zəfər Hacılı ömrünün 30-cu baharına çatmadan həyatını itirdi. Bilirsiz niyə? Özünün də sosial mediadakı son paylaşımında qeyd etdiyi kimi, Azərbaycan səhiyyəsinin, azərbaycanlı həkimlərin səhlənkarlığı, işinə vicdanla yanaşmaması ucbatından. Zəfərin qızdırması çox olmadığı üçün (!) təcili tibbi yardım onu xəstəxanaya aparmayıb və nəfəs almaqda çətinlik çəkən, boğulan, güclü öskürəyin əldən saldığı dostumuz evdə Allahın ümidinə buraxılaraq, sosial mediadakı son paylaşımından üç keçməmiş vəfat edib…

Mənə görə, bizim ölkədə ələ salınacaq, yumorun, hətta sarkazmın hədəfi olan çox sahə var. Ancaq ümumiyyətlə, bütün bunlara gülməliyik, yoxsa ağlamalıyıq, ona da siz qərar verin. Mənim bildiyim isə odur ki, Azərbaycanda futbol insanları ən az yaralayan, onların həyatına, yaşamına ən az təsir edən sahədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button