Yenilənmiş “Qarabağ” nə vəd edir?

Azərbaycan futbolunda son illərin ən sabit və dominant komandası olan “Qarabağ” üçün ötən mövsüm adi keçmədi. Ağdam təmsilçisi uzun illər sonra mövsümü titulsuz başa vurdu. İlk baxışdan bu, uğursuzluq kimi görünə bilər. Ancaq məsələyə daha dərindən baxdıqda mənzərə bir qədər fərqlidir.

“Köhlən atlar” mövsüm ərzində eyni vaxtda üç “cəbhə”də – UEFA Çempionlar Liqasında, Azərbaycan Premyer Liqasında və ölkə kubokunda mübarizə apardı. Ən böyük diqqət isə təbii ki, Avropaya yönəlmişdi. Yeni formatda keçirilən UEFA Çempionlar Liqasında “Qarabağ” Liqa mərhələsində rəqabətədavamlı çıxışı ilə tarixində ilk dəfə pley-off mərhələsinə yüksəldi. Bu uğur təkcə klub deyil, Azərbaycan futbolu üçün də mühüm hadisə idi.

Ancaq Avropadakı uğurlu yürüşün “bədəl”i də oldu. Son illər ölkə çempionatında davamlı çempion olan “Qarabağ” bu dəfə daxili arenada əvvəlki dominantlığını nümayiş etdirə bilmədi. Bundan maksimum yararlanan “Sabah” isə yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi altında ardıcıl uğurlu nəticələr qazanaraq, tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Masazır təmsilçisi bununla kifayətlənməyərək, ölkə kubokunu da qazanıb, qızıl dubla imza atdı və yeni mövsümdə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil etmək hüququ qazandı. “Qarabağ” isə Avropa Liqasında mübarizəyə başlayacaq.

İndi vacib sual budur: yenilənmiş “Qarabağ” yeni mövsümdə bizə nə vəd edir?

İlk baxışdan görünən odur ki, klub rəhbərliyi ötən mövsümün nəticələrindən ciddi nəticə çıxarıb. Transfer bazarında son illərin ən fəal “Qarabağ”ını izləyirik. Hətta klub tarixində ilk dəfə transferlər üçün rekord həcmdə büdcə ayrıldığı bildirilir. Transfer pəncərəsi yeni açılsa da, Ağdam təmsilçisi artıq xeyli futbolçunu heyətinə cəlb edib: Zakaria Savo (“Aris”, Kipr), Jali Muaddib (“Omoniya Aradippou”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya) və Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya). Üstəlik, bunun son olmadığı da deyilir. Məlumatlara görə, klub ən azı daha üç transfer həyata keçirməyi planlaşdırır.

Qısa müddətdə bu qədər keçidin baş tutması təsadüfi görünmür. Bu, onu deməyə əsas verir ki, “Qarabağ” uzun müddətdir həmin futbolçuları izləyir, danışıqları əvvəlcədən aparır və yay transfer pəncərəsini əvvəlcədən planlaşdırıb. Çünki seleksiya işinə həmişə ciddi yanaşan bir klubun sürətli şəkildə belə geniş transfer əməliyyatı aparması inandırıcı görünmür.

Təbii ki, gələnlər qədər gedənlər də diqqət çəkir. Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade komandanı tərk ediblər. Xüsusilə, Toral Bayramov, Emmanuel Addai və Leandro Andradenin gedişi həm keyfiyyət, həm də oyun üslubu baxımından müəyyən boşluqlar yarada bilər. Məhz buna görə, yeni transferlərin uyğunlaşma prosesi “Qarabağ” üçün mövsümün ilk aylarında əsas mövzulardan biri olacaq.

Digər tərəfdən, Pedro Bikalyo və Bədavi Hüseynovla müqavilələrin müddətinin uzadılması da vacib addımlardan biridir. Xüsusilə, Bikalyo ötən mövsüm göstərdiyi performansı ilə sübut etdi ki, “Qarabağ”ın yarımmüdafiəsində əsas fiqurlardan birinə çevrilib. Onun komandada saxlanılması yeni qurulan heyətin balansı baxımından mühüm əhəmiyyət daşıyır.

Əlbəttə, bütün transferlərin uğurlu olacağını indidən söyləmək mümkün deyil. Yeni futbolçuların Azərbaycan futboluna, komandanın oyun modelinə və baş məşqçi Qurban Qurbanovun tələblərinə nə qədər tez uyğunlaşacağı əsas suallardan biridir. Bunun cavabını isə yaxın gələcəkdə görəcəyik.

Amma bir həqiqət də var: “Qarabağ”ın yenilənməyə ehtiyacı var idi. Uzun illər eyni oyunçu qrupu ilə böyük uğurlar qazanan komandanın təzə “qan”a ehtiyacı hiss olunurdu. Bəzən uğursuz mövsüm də inkişaf üçün stimul rolunu oynayır. Görünən odur ki, klub məhz bu yolla irəliləməyi seçib.

Yeni mövsüm Azərbaycan futbolu üçün son illərin ən maraqlı çempionatlarından biri ola bilər. Bir tərəfdə tarixinin ən uğurlu mövsümünü yaşayan və özünəinam qazanmış “Sabah”, digər tərəfdə isə daha iddialı, daha “ac” və demək olar ki, yenidən qurulan “Qarabağ”. Bu rəqabət təkcə çempionluq uğrunda mübarizəni deyil, bütövlükdə Premyer Liqanın keyfiyyətini də yüksəldə bilər. Bəlkə də, ən böyük qazanc elə budur. Çünki güclü “Sabah” güclənməyə məcbur etdiyi “Qarabağ” deməkdir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button