
Şahin Diniyev: “Legionerlərə limit qoyulmaması yanlış addımdır”
Azərbaycan milli komandasının bəzi üzvləri son günlərdə legionerlərə limit tətbiq edilməməsindən şikayətlənirlər.
Bununla bağlı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrəndik.
Diniyev Komanda.az-a açıqlamasında limitin yanlış addım olduğunu bildirdi:
“Limitlə bağlı qərar qəbul edilən ilk gündən fikrimi söyləmişəm. Legionerlərə limit qoyulmaması yanlış addımdır. Düşünürəm ki, Azərbaycan futbolunun inkişafı üçün atılan yanlış addımlardan biridir. Bu gün milli komandada oynayan futbolçuların təxminən 60-70 faizi öz klublarında əsas heyətdə 90 dəqiqə oynamırlar. O sarıdan oyun praktikasının olmaması millidə öz mənfi təsirini göstərir. Çox uzağa getməyək, ayyarım əvvəlki milli ilə indikinin arasında böyük fərq var. Yəni, oyunçu performansında zəifləmə var. Əvvəl oynayan futbolçular bu gün artıq o formada deyillər. Burda günahkar futbolçu deyil. Ona görə ki, futbolçu öz komandasında fiziki, taktiki-texniki hazırlıq almırsa, gəlib millidə üç günə heç nə edə bilməyəcək”.
Mütəxəssisin “legionerlərə limit tətbiq olunmamasının Azərbaycan millisinin nəticələrinə doğrudan da bu qədər təsiri varmı” sualına cavabı isə belə oldu:
“Oyun praktikasının olmaması artıq milliyə təsir edir. Artıq üç aydır qəbul olunan bu qərar millədə öz cizgilərini göstərir. Və getdikcə öz təsirini daha çox göstərəcək. Mənim düşüncəm budur. Klublar üçün yaxşı qərar ola bilər, inkişafları üçün düzgün addımdır. Ancaq klubların inkişafından öncə millinin inkişafı daha vacibdir. Bu qərar millinin inkişafı üçün düşünürəm ki, yanlış addımdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



