“Xəzər Lənkəran”a azadlıq!

Rəşad Ergün

Uzun illər Azərbaycan mətbuatını idarə edən, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi postunu tutan Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə tonlarla çörək kəsmişdi, bir-birlərinə can deyib, can eşitmişdilər, birlikdə neçə qəzetin evini yıxıb, neçə qəzetə qapı açmışdılar. Bu ikili dövlət tərəfindən mətbuata ayrılan maliyyə vəsaitini birlikdə idarə etmiş, birlikdə az pullar qazanmamışdılar. Sonra günlərin birində Əli Həsənov vəzifəsindən azad edildi. Vəzifədə olarkən sözünün dalı da, qabağı da kəsən Həsənovun qələmi qırılan kimi ona hücumlar başladı. Sağdan, soldan, yuxarıdan, aşağıdan, kompasın oxunun bütün istiqamətlərindən. Bu, Azərbaycan insanına xas olan xüsusiyyətdir: vəzifədə olarkən qarşısında baş əymək, vəzifədən gedincə başını kəsmək. Həsənovun və ailəsinin çoxsaylı obyektlərindən biri olan “Kaspi” qəzetinin növbəti dövr üçün dövlətdən maliyyə yardımı alan mətbu orqanlarının siyahısında olmaması isə taleyin acı ironiyası idi. Vüqar Səfərli keçmiş ortağını, vaxtı ilə tonlarla çörək kəsdiyi, minlərlə insanın çörəyinə birlikdə bais olduğu Həsənovu elə ilk fürsətdəcə vurdu.

Əlbəttə, bir gün Vüqar Səfərli özü də alver obyektinə çevirib, dostlarına-tanışlarına yardım fonduna çevirdiyi KİVDF-dən qovulacaq, ya da fondun özü ləğv olunacaq. Onda dünən Əli Həsənova hücuma keçənlər, bu dəfə Səfərlini daş-qalaq edəcək. Özü də, bu daş-qalaq edənlərin çoxu Səfərlinin dövlətin ayırdığı puldan ağızlarına atdığı paydan nəsibini alanlar olacaq. Bu, mütləq olacaq! Azərbaycanda sistem, reallıq budur. Eldar Mahmudovu xatırlayırsızmı? Vaxt var idi kəsdiyi başa sorğu-sual yox idi. Bəs Ziya Məmmədovu? Başqaları da var, başınız ağrımasın…

Mübariz Mənsimovun Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün nələr etməsiylə işim yox. Amma onun təkbaşına, təkcə “Xəzər Lənkəran”la AFFA-dan, PFL-dən, qalan bütün klublardan Azərbaycan Premyer Liqası üçün daha çox iş gördüyü ortadadır, ya da ortada idi.

“Xəzər Lənkəran” Azərbaycan futboluna rəqabət gətirmişdi;

“Xəzər Lənkəran” Azərbaycan futboluna azarkeş gətirmişdi;

“Xəzər Lənkəran” Azərbaycan futboluna həyəcan gətirmişdi;

“Xəzər Lənkəran” hansısa nazirin, məmurun cibindən asılı olmayan, nadir, samanlıqdakı iynə misalı müstəqil klublardan biri idi;

“Xəzər Lənkəran” öz stadionu, bazası, oteli olan, barmaqla sayıla biləcək klublardan biri idi;

“Xəzər Lənkəran” azərbaycanlı futbolsevərlərin qarşısına Oktay Dərəlioğlu, Con Toşak, Mustafa Dənizli kimi məşhurları çıxarmışdı;

“Xəzər Lənkəran” Azərbaycan futbolunun ağzına, burnuna keçirilən süni tənəffüs aparatı idi və sair və ilaxır.

O başqa məsələ ki, Lənkəran klubunun xeyli eyibləri, eybəcərlikləri, qüsurları da var idi. Azərbaycan futbolundan qaynaqlanan, mənbəyini AFFA-dan, PFL-dən götürən qüsurlar.

Sonra nə baş verdi? Günlərin birində bir savaş çıxdı, Mənsimovu Azərbaycandan əlini-ayağını yığışdırmağa məcbur etdilər. Bu, yaşıl meydanda “Xəzər Lənkəran”la “Neftçi”nin savaşı deyildi, futbol azarkeşlərinə təfərrüatı çox az məlum olan bir qarşıdurma idi. Olan “Xəzər Lənkəran”a oldu, bu klubun minlərlə, milyonlarla azarkeşinə oldu. Olan Azərbaycan futboluna oldu: rəqabət itdi, azarkeşlər stadionlardan yoxa çıxdı. Hə, arada “molotov kokteyli” bəhanəsi ilə “Xəzər Lənkəran”ın bir neçə fanatı da həbs olundu, Mənsimova göz dağı vermək üçün, ya başqa səbəbdən.

İndi nə baş verir? Mübariz Mənsimov niyə həbs olunub? Bu, sifarişli həbsdir, ya adam doğrudan da suçludur? Bütün bu suallara cavab vermək, ən azı cəhd etmək olar. Amma lazımdırmı? Şəxsən mənim üçün maraqlı olan futbol adamı, klub sahibi Mənsimov idi, o da 2016-cı ildə, “Xəzər Lənkəran” dəfn olunarkən bitdi. “Xəzər Lənkəran”ı qorumaq, onun üçün mübarizə aparmaq, sonadək savaşmaq lazım idi. Bunu indi sosial şəbəkədə profillərinə Mübariz Mənsimovun fotolarını qoyanlar, ona azadlıq tələbində bulunanlar etməli idi. Bunu elə Azərbaycanın bütün futbol ictimaiyyəti etməli idi: “Xəzər Lənkəran”a azadlıq!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button