“250 min dollar bilirsiz nə qədər moldovan leyi edir?” – Hüseyn Cəbrayıloğlu

Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyunun “Xəzər Lənkəran”la bağlı qalmaqallı açıqlamalarını təqdim etmişdik.

“Moldfootball.com” saytına danışan futbolçu, 2005/06 mövsümündə UEFA Kubokunda “Xəzər Lənkəran”la oyunda rüşvət təklifi aldığını açıqlamışdı.

Sözügedən məsələ ilə bağlı “Xəzər Lənkəran” klubunun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlunun fikirlərini öyrəndik. O, Komanda.az saytına açıqlamasında, bu iddiaların həqiqətəuyğun olmadığını söylədi:

“Mən həmin dövrdə klubda çalışmamışam. Bu mənada dəqiq nəsə deyə bilmirəm, amma bəzi fikirlərim var. Birincisi, hələ həmin illərdə Moldova mətbuatı iddia edirdi ki, “Nistru” “Xəzər Lənkəran”dan mərhələ keçməyə böyük miqdarda pul istəsə də, lənkəranlılar bundan boyun qaçırıb ki, mərhələni öz gücümüzə keçəcəyik. O vaxt “Qafqazın” Çelsi”si ifadəsi etiraf edək ki, MDB məkanında və Avropada geniş yayılırdı. 2010-cu ildə Moldovada olmuşam və deyim ki, ölkənin paytaxtı Kişinyovu bizim pulla 5 manata iki dəfə dövrə vurmaq olurdu. Komanda ilə birgə səfərə gedən iki lənkəranlı iş adamı ilə paytaxtın ən sanballı restoranlarından birinə (səhv etmirəmsə, genis yaşıllıq ərazidə yerləşən məkanın adı “Qafqaz əsiri” idi) getdik. Orada aydın oldu ki, bu restoranı gəncəli uşaqlar işlədir. Yanımdakı insanlar maraqlandı ki, buranı bir günlük neçə manata bağlatdırmaq olar? Dedilər Azərbaycan manatı ilə 400 manata. İndi siz təsəvvür edin ki, 2007-ci ildə üç moldovalı oyunçuya 250 min dollar təklif edilir və onlar razılaşmır. Mən Moldsellin aşağısında olan valyutadəyişmə məntəqəsində 50 dollar xırdaladım, mənə iki bağlama onların pul vahidi olan ley verdilər. 250 min dollar bilirsiz nə qədər moldovan leyi edir? Siz Allah, buna inanan bircə moldovan tapmaq olar görəsən? Yenə də, o dövrdə klubda çalışan şəxslərdən kimsə danışsa, daha dəqiq olanını deyər”.