
“Salah daim mənə kömək etməyə çalışırdı”
“Liverpul”un yarımmüdafiəçisi Florian Virts, komanda yoldaşı Məhəmməd Salahın onun İngiltərəyə uyğunlaşmasına necə kömək etməsindən danışıb.
Almaniyalı futbolçu “qırmızılar”a ötən ilin yayında, Leverkuzen “Bayer”indən 125 milyon avro qarşılığında transfer olunub. Ancaq İngiltərədəki ilk ayları onun üçün çətin keçib. O, uzun müddət məhsuldar fəaliyyət göstərə bilmədiyi üçün tez-tez tənqid olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Virts, Salahın ona daim kömək etməyə çalışdığını bildirib:
“Salah daim mənə kömək etməyə çalışırdı, mənimlə söhbət edirdi. O da vaxtilə “Liverpul”a gənc yaşda gəlmişdi və böyük məbləğə transfer olunmuşdu. Mənimlə danışmağa çalışırdı ki, özümü rahat hiss edim”.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Liverpul” forması ilə bütün turnirlərdə 36 oyuna çıxaraq, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



