
“Bu cür geri dönmək böyük şərəfdir”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo psixoloji problemlərə görə verdiyi fasilədən sonra yaşadıqları və meydana qayıdışı barədə fikirlərini bölüşüb.
Uruqvaylı futbolçu İspaniya superkubokunun finalında, “Real”a qarşı oyunda (3:2) 93-cü dəqiqədə əvəzetmədən meydana çıxıb. O, psixoloji çətinliklər səbəbindən bir aydan artıq futbol oynamamışdı.
Komanda.az xəbər verir ki, Arauxo sosial şəbəkə hesabındakı paylaşımında bunları yazıb:
“Vaxtında fasilə verməyin özünə sevgi olduğunu anladım. Zehni və qəlbi qorumaq təslim olmaq deyil, əksinə, sükutda belə, Tanrının işlədiyinə inanmaqdır.
Bu fasilə məni yenilədi və daha güclü şəkildə qayıtmağıma imkan verdi. Proses asan olmadı, amma bu cür geri dönmək böyük şərəfdir.
Kluba, komanda yoldaşlarıma, azarkeşlərə münasibət, sevgi və hörmətə görə təşəkkür edirəm. Superkuboku qaldıraraq geri döndüm və bu, möhtəşəm idi. Biz hələ də birlikdəyik.
“Barsa” – bu gün və hər zaman!”
Superkubokun finalındakı qələbədən sonra “Barselona” futbolçuları Arauxonu çiyinlərinə alıb, mükafatlandırma mərasimində isə o, kuboku başı üzərinə qaldırıb.
Ronald Arauxo noyabrdan bəri psixoloji problemlərə görə oyunlarda iştirak etmirdi.
Bizi Facebook-da izləyin



