Vaqif Sadıqov: “Azərbaycan millisinin qarşısında konkret hədəf var: C Liqasına yüksəlmək”

UEFA Millətlər Liqasının 2026/27-ci il mövsümünün püşkü atılıb.

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə, D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan milli komanda 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Püşkatmanın nəticələrini dəyərləndirməsi üçün AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında əsas məqsədin dəyişmədiyini vurğulayıb:

“Rəqiblərin kimliyindən asılı olmayaraq, Azərbaycan millisinin qarşısında konkret və aydın hədəf var: D Liqasını geridə qoyaraq C Liqasına yüksəlmək. Bu mərhələdə ən vacib amil sabit və uğurlu çıxışdır. Püşkatmanın nəticələri ilə bağlı müəyyən müzakirələr aparıla bilər. Amma istər-istəməz bir reallığı qəbul etməliyik, bizim məqsədimiz C Liqasına yüksəlməkdir. Ayxan Abbasov (Azərbaycan millisinin baş məşqçisi) da tamamilə doğru vurğulayıb ki, əsas hədəf budur. Bunun üçün isə rəqib seçmək yox, meydanda keyfiyyətli və inamlı oyun nümayiş etdirmək lazımdır”.

Komitə sədri hesab edir ki, milli komanda psixoloji və taktiki baxımdan bu çağırışa hazır olmalıdır:

“Rəqibin adı, reytinqi və ya oyun üslubu ikinci plandadır. Əsas məsələ bizim necə çıxış etməyimizdir. Yalnız nəticəyə köklənmiş, intizamlı və məsuliyyətli oyun sayəsində istəyimizə çata bilərik. Komandamız bütün gücünü ortaya qoymalı, hər oyuna final kimi yanaşmalıdır”.

Sadıqov əlavə edib ki, yığma qarşıdakı qarşılaşmalarda maksimum nəticə üçün mübarizə aparmağa borcludur:

“D Liqasında qalmaq bizim üçün məqsəd deyil. İndi əsas məsələ bunu meydanda reallaşdırmaqdır. Futbolçularımız potensiallarını tam göstərməyə hazır olmalıdırlar ki, Azərbaycan millisi C Liqasına qalxsın”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button