
Azərbaycan Premyer Liqasının gücü və artıq aşağıdan yuxarı baxmadığımız rəqiblər
Azərbaycan klubları yeni avrokubok mövsümünə uğurlu başladı. İyulun 7-dən etibarən mübarizəyə qoşulan üç təmsilçimiz – “Sabah”, “Zirə” və “Qarabağ” ilk oyunlarını qələbə ilə başa vuraraq, həm azarkeşləri sevindirdi, həm də növbəti mərhələ üçün ciddi üstünlük qazandı.
Əvvəlcə ölkə çempionu “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub etdi. Ardınca “Zirə” Konfrans Liqasında Gürcüstanın təcrübəli “Torpedo” kollektivini 3:0 hesabı ilə üstələdi. Dünən isə Azərbaycanın Avropa arenasındakı əsas siması – “Qarabağ” İslandiyanın “Vestri” klubunu 3 cavabsız qolla məğlub etdi.
İlk oyunlardan sonra demək olar ki, hər üç komandamız növbəti mərhələyə bir addım daha yaxınlaşıb. Əlbəttə, cavab görüşləri formal xarakter daşımayacaq. İndiki üstünlüyü əldən vermək üçün komandalarımız sadəcə özləri işlərini çətinləşdirməlidirlər.
Ən diqqətçəkən məqamlardan biri “Sabah”ın çıxışı idi. Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən “bayquşlar” debüt həyəcanını hiss etdirmədi. Əksinə, oyuna nəzarət edən, təşəbbüsü əlində saxlayan və qələbəni tam haqq edən tərəf oldu. Bu nəticə təkcə hesab baxımından yox, psixoloji cəhətdən də böyük üstünlükdür. İndi səfərdə ağıllı oyun “Sabah”ı tarixi uğurun növbəti mərhələsinə daşıya bilər.
“Zirə”nin hekayəsi isə daha maraqlıdır. Mövsüm başa çatan kimi klub bir neçə futbolçu ilə vidalaşmış, yeni layihəyə start vermişdi. Avrokubok planı isə ümumiyyətlə, yox idi. FİFA-nın “Turan Tovuz”la bağlı qərarından sonra “qartallar” gözlənilmədən Konfrans Liqasına vəsiqə qazandı və qısa müddətdə hazırlaşmağa məcbur oldu. Belə şəraitdə Gürcüstanın avrokubok təcrübəsi olan “Torpedo”su üzərində 3:0 hesablı qələbə gözləniləndən də artıq idi. Bu nəticə göstərdi ki, baş məşqçi Rəşad Sadıqov qısa vaxtda komandanı həm fiziki, həm də psixoloji baxımdan oyuna hazırlamağı bacarıb.
“Qarabağ”a gəlincə, Ağdam təmsilçisi də bu mövsümə fərqli vəziyyətdə başladı. Son illərdə ilk dəfə mövsümü titulsuz başa vuran klub, yay transfer dövründə ciddi dəyişikliklər etdi və böyük maliyyə xərclədi. Təbii ki, yeni futbolçuların necə təsir bağışlayacağı maraq doğururdu. İlk sınaqda yeni transferlərdən ikisinin fərqlənməsi baş məşqçi Qurban Qurbanov üçün yaxşı siqnaldır. Bununla belə, reallığı da unutmaq olmaz. “Vestri” “Qarabağ”ın real gücünü ölçəcək səviyyədə rəqib deyil. Yeni futbolçular barədə yekun fikir söyləmək üçün daha ciddi sınaqları gözləmək lazımdır. Amma başlanğıcın uğurlu olması da danılmaz faktdır.
Bu üç qələbənin başqa bir önəmli tərəfi də var. Artıq Uels, Gürcüstan, İslandiya kimi ölkələrin komandalarına ötən əsrin sonlarında olduğu kimi, aşağıdan yuxarı deyil, yuxarıdan aşağı baxırıq. Komandalarımız bu rəqiblərlə matçlara çəkinərək yox, favorit kimi çıxırlar. Bu, təkcə “Qarabağ”ın illərlə qazandığı təcrübənin deyil, ümumilikdə Azərbaycan Premyer Liqasının inkişafının göstəricisidir. Əlbəttə, tələsmək olmaz. Avrokuboklarda bir uğurlu oyun hələ heç nəyi həll etmir. Amma ilk addımın belə inamlı atılması gələcəyə nikbin baxmağa əsas verir.
Hə, ilk 90 dəqiqələr göstərdi ki, Azərbaycan klubları bu yay Avropaya sadəcə iştirak üçün yollanmayıblar. İndi əsas məsələ bu üstünlüyü qorumaq, növbəti mərhələyə yüksəlmək və bu uğurlu başlanğıcı davamlı nəticəyə çevirməkdir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



