UEFA “Qarabağ”a hansı cəzanı verə bilər? – Açıqlama

UEFA “Qarabağ” klubuna Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Dandalk”la ev oyununda azarkeşin stadiona girməsinə görə intizam işi açıb.

Qurumun meydana daxil olan azarkeşə görə “Qarabağ”ı cəzalandıracağı gözlənilir. “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov “Qarabağ”a veriləcək mümkün cəzalar barədə Komanda.az saytına fikirlərini bildirib:

“Cəza(lar) müxtəlif ola bilər. Bu, UEFA nümayəndəsi, hakimlər briqadasının olaya yerində münasibəti, yazdıqları raportlardan asılı olacaq. Olayın yaranmasının detalları önəmlidir. UEFA belə hallarda təhlükəsizliyə ciddi önəm verir. Azarkeşin meydana çıxması oyunu dayandırmadı, uzun fasilə yaranmadı. Kapitan Rəşad Sadıqov dərhal fanatı meydanın kənarına dəvət etdi və azarkeş özü müdaxiləsiz meydanı tərk etdi. Mühafizə xidməti əməkdaşları meydana daxil olmadı, ciddi münaqişə, oyunda fasilə yaranmadı. Xatırlayırsız, elə “Qarabağ”ın “Arsenal” səfərində daha ciddi hadisə baş vermişdi. Azarkeşin meydana sıradan daxil olması deyildi, məqsədli qondarma bayraq aksiyası, siyasi addım idi. Londonlulara azarkeşlərlə bağlı ciddi cəza belə verilmədi. Bununla müqayisədə Bakıdakı olay sıradan bir hadisədi.

Təbii, belə hallar baş verməməlidir, təhlükəsizlik tədbirləri gücləndirilməli, diqqətsizliyə yol verilməməlidir. Meydana kənar şəxs daxil olursa, istənilən hadisə baş verə bilər. Bu baxımdan məsələ araşdırılacaq, “Qarabağ”a ən azından ciddi xəbərdarlıq, cəza veriləcək. Bir daha xüsusi vurğulayıram, cəzanın yükü UEFA rəsmisinin təqdimatından çox asılıdır. Belə hallar, təhlükəsizliklə bağlı digər məsələlər, hətta oyunla, futbolçuların meydanda, kənarda, tuneldə qarşıdurması, insidenti ilə bağlı olaylar istənilən oyunda baş verə bilər. Belə vəziyyətlərlə beynəlxalq oyunlarda çox rastlaşmışıq. Əsas dərhal yerində müdaxilə edib, UEFA nümayəndələri ilə olayın qarşısını almaq, yumşaltmaqdır. İnanaq ki, önləyici addımlar atılıb və “Qarabağ”a ciddi cəza(lar) verilməyəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button