
Avrokuboklardan uzaqlaşdırılacağı iddia olunan “Turan Tovuz”un rəsmisindən AÇIQLAMA
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə turnir cədvəlində 3-cü pilləni tutaraq, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirak etmək hüququ qazandı. Son günlərdə isə mediada yayılan xəbərlərə görə, bölgə təmsilçisi bu imkandan məhrum edilə bilər.
Belə ki, 2019-cu ilin dekabrında AFFA İcraiyyə Komitəsi o vaxtlar 1-ci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”-nin (həmçinin, Region Liqasında oynayan başqa 3 klubun) bəzi futbolçularının oyunların manipulyasiyasında şübhəli bilinməsi və günahlarının sübuta yetirilməsini əsas götürərək, onların futbolla əlaqəsinə rəsmi qadağa qoyulması qərarını vermişdi. Siyahıda “Turan Tovuz”un da 7 oyunçusunun adı var idi.
İndi isə iddialara görə, UEFA bunu əsas götürərək, komandanı avrokuboklarda iştirakdan məhrum etmək istəyir.
Məsələyə aydınlıq gətirmək üçün Tovuz təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:
“2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq, haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



