“Normal şərtlərdə Türkiyə millisinin həmin qrupdan lider çıxması lazımdır” – “Zirə”nin futbolçusu

Türkiyə millisi martın 31-də Kosovo yığmasını 1:0 hesabı ilə məğlub edərək, 24 illik həsrətə son qoydu və DÇ-2026-ya vəsiqə qazandı.

“Zirə”nin türkiyəli futbolçusu Eren Aydın bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra Komanda.az saytına açıqlama verib.

O, əvvəlcə Türkiyə millisinin uğuru ilə bağlı təəssüratlarını bölüşüb:

“Matçı evdə tək izlədim. Həqiqətən, çox sevindim. Çünki həyatımda Türkiyə millisinin dünya çempionatına vəsiqə qazandığını görməmişdim. Sonuncu dəfə 2002-ci ildə olmuşdu. Mən isə 2003-cü ildə dünyaya gəlmişəm. Ona görə çox qürurluyuq, çox sevincliyik. Azərbaycanlı qardaşlarımıza da təşəkkür edirəm, bizə böyük dəstək oldular. Dünya çempionatında da əlimizdən gələni edərək ən yaxşı mübarizəni göstərmək istəyirik”.

Eren Aydın Türkiyə millisinin qrupdakı şanslarını da dəyərləndirib:

“Normal şərtlərdə Türkiyə millisinin həmin qrupdan lider çıxması lazımdır. Amma futbol sürprizlərlə doludur, fərqli nəticələr də ola bilər. Buna baxmayaraq, yığmanın birinci olacağına inanıram”.

Hücumçu bugünkü oyunda qol vurmasının Türkiyə millisinin uğurunun ona nə dərəcədə motivasiya verməsi barədə də danışıb:

“Hücum oyunçuları hər matçda qol vurmaq istəyir, mən də istisna deyiləm. “Karvan-Yevlax”la oyunda da çox epizodlara girdim, amma fərqlənə bilmədim. Bu matçda da iki qol vura bilərdim. Buna baxmayaraq, qol vurduğum üçün xoşbəxtəm. Daha çox qol vurmalıyam, çünki mövqeyim bunu tələb edir və bunu yaxşı anlayıram”.

O, Türkiyə millisinə dəvət olunmaqla bağlı fikirlərini də gizlətməyib:

“Əlbəttə, gələcəkdə belə bir xəyalım var. Amma hazırda əsas diqqətim “Zirə”də yaxşı çıxış etməkdir. Ondan sonra nə olacağını zaman göstərəcək”.

“Turan Tovuz”la qarşılaşmada hesabı məhz Eren Aydın açıb.

Türkiyə millisi ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Paraqvay, Avstraliya və ABŞ yığmaları olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button