Tərlan Əhmədovu aldadıblar?

Rəşad Ergün

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Zirə” ilə hərəyə bir qol vurub, heç-heçəyə əl sıxışdıqları oyundan sonra ölkənin futbola könül verən seqmentinin diqqətini çəkən açıqlamalar verib.

Tərlan bəy mövsüm bitəndən sonra Gəncə klubundan gedəcəyini deyib:

“Bəli, mən komandanın baş məşqçisi təyin olunanda məqsədim klubu Premyer Liqada saxlamaq idi. Qış fasiləsindən sonra isə demişdim ki, mən gedəcəyəm. Sizə kim deyib ki, mən getməyəcəyəm? Hər halda, gizli proseslər də var. Mən sözümün arxasındayam. Yəni, demişdim ki, gedəcəyəm”.

Həmin mətbuat konfransında iştirak etməsəm də, təxmin edə bilirəm ki, Əhmədov bu açıqlamanı verəndə üzündə təbəssüm, baxışlarında rahatlıq dolu ifadə olmayıb.

Tərlan Əhmədov “Kəpəz”də hansısa gizli proseslərin getdiyinə işarə edir.

Tərlan Əhmədov “Kəpəz”dən getmək istəmir, amma gedəcəyini deyir.

Tərlan Əhmədov narazıdır…

Əslində, Əhmədov həmişə narazı idi: “Kəpəz”ə gəldiyi gündən. Komandanın məşq etmək üçün normal şəraitinin olmadığını deməsindən tutmuş, vitaminlərlə bağlı problemləri qabartmasına, maaşların yubanmasına görə “üsyan”ına kimi.

Tərlan bəy narazı olduğu məsələlərin xeylisində haqlıdır. Amma “Kəpəz” rəhbərliyi müqavilə bağlayarkən onu aldadıbmı? Ona “Barselona”nın məşq meydançasını göstərib, “bax, bizim belə meydançalarımız var” deyiblərmi? Əhmədova PSJ-nin illik büdcəsinin əks olunduğu sənədləri göstərib, sözləşməyə imza atdırıblarmı?

Yox, bunların heç biri olmayıb. “Kəpəz” mövsümün əvvəlində hazırda “Səbail”in “sükanı arxasında” olan Şahin Diniyevlə də danışıq aparmışdı. Diniyev klub rəhbərliyi ilə danışmışdı, ona problem kimi görünən nələrəsə görə anlaşmadan imtina etmişdi. Normal olan budur. Ya klub danışıq apardığı mütəxəssisin hansısa tələbləri ilə razılaşmaya bilər, ya da məşqçi nələrəsə görə anlaşmadan imtina edər.

Tərlan Əhmədova “Barselona”nın bazasını, PSJ-nin illik büdcəsini göstərib, müqaviləyə qol çəkdirməyiblərsə, günah özündədir. “Kəpəz”in ev oyunlarını hansı stadionda keçirdiyini, birinci diviziondan Premyer Liqaya yüksələn klubun maliyyə durumunun necə olduğunu hətta futbolla az-çox maraqlanan orta məktəb şagirdləri də bilir.

Böyük ehtimalla, “Kəpəz” Premyer Liqada qalacaq, bununla da, özünün də dediyi kimi, Tərlan bəy də məqsədinə çatmış olacaq. Bu, onun klub, gəncəli azarkeşlər qarşısında böyük xidməti sayıla bilər. Sonra isə… Yenə də, özünün dediyi kimi, Əhmədov “Kəpəz”dən getməlidir. Artıq göründüyü, hiss olunduğu kimi, klubla baş məşqçi arasında bağlar qopub. Mövsüm bitəndə hər iki tərəfin edə biləcəyi ən gözəl şey bir-birlərinə uğurlar arzulayıb, əl sıxıb, vidalaşmaq olar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button