Tərlan Əhmədov hakimlikdən gileyləndi: “Artıq yorulmuşam”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Müdafiədə daha kompakt oynamağa, əks-hücumda rəqibi tutmağa çalışırdıq. Belə həmlələr təşkil edə bilmədikdə mövqelərdən oynayıb hücum qurmağa səy göstərirdik. Birinci hissədə həyəcan daha çox idi. Fasilədən sonra yaxşı başladıq, qol da vurduq. Oyunun sınma nöqtəsi buraxdığımız ikinci qol oldu. Epizoda baxacağıq. Autsayder komandalara qarşı bir az… Heç bilmirəm fikrimi necə ifadə edim. Dirsək epizodunda hakimlər deyir ki, təsadüf idi. Bəlkə biz də Zamiqin kəllə vurduğu vəziyyəti təsadüf kimi qeyd edək. Artıq yorulmuşam bu söhbətlərə qayıtmağa. Hər halda komandam bu gün yaxşı mübarizə apardı. Sona qədər döyüşüb qol da vura bildi. Səhvlər olmalıdır. İki ayın komandasıdır. Çalışıram komandanın səviyyəsini daha da yuxarı qaldıram. Oyunçu çatışmazlığı var. Amma yenə deyirəm, bu gün normal mübarizə apardıq. Səfərdən bir xalla dönməyi planlaşdırırdıq. Hakim səhvlərindən də axsamalarımız var. Qırmızı və sarı vərəqələrimiz çoxdur. Oyuna, epizodlara təkrar baxacağıq. Düzdür, nəyisə dəyişmək mümkün olmayacaq. Bizə qarşı nəsə olursa, cəza verilmir. Amma biz nəsə edəndə, cəzamız çox sərt olur. Futbolçulara təşəkkür edirəm. Qarşıda bizi ağır oyun gözləyir. Fikrimizi ora cəmləməliyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button