Super Liqa klubundan son gündə 3 transfer

Türkiyənin “Antalyaspor” klubu “transfer pəncərəsi“nin son günündə heyətinə daha 3 futbolçu qatıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi anqolalı hücumçu Alfredo Kulembe Ribeyro (Fredi ləqəbi ilə tanınır), braziliyalı sağ cinah yarımmüdafiəçisi Amilton Minervino da Silva və türkiyəli müdafiəçi Osman Tarık Çamdal ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fredi Portuqaliyanın “Belenenseş” klubundan transfer olunub. 2017-ci ildən bu klubda çıxış edən 29 yaşlı forvard daha öncə “Ekselsior” və “Libolo”da da forma geyinib. Anqolalı hücumçu Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etməsinə baxmayaraq, 2014-cü ildən Anqola millisinin formasını geyinməyə qərar verib. Fredi yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Amilton isə Portuqaliyanın digər təmsilçisi “Aviş”dən mövsümün sonunadək icarəyə götürülüb. 30 yaşlı braziliyalı 2017-ci ildən sözügedən klubun formasını geyinir. O, əvvəllər “1860 Münhen”, “Portimonense”, “Varzim” kimi komandalarda da top qovub.

Almaniyada dünyaya göz açan, bu ölkənin “1860 Münhen” klubunun yetirməsi olan Çamdal isə 2011-ci ildə doğma komandasından ayrılaraq Türkiyəyə üz tutub. O, 2011-2014-cü illər aralığında “Əskişəhərspor”da çıxış edib və bu komandadakı oyunu ilə “Qalatasaray”ın diqqət mərkəzinə düşüb. 2014-cü ildən məhz İstanbul klubuna məxsus olan Tarık 2016/17 mövsümündə yenidən “Əskişəhərspor”da, lakin bu dəfə icarə əsasında forma geyinib. Bu qış isə o, “Qalatasaray”la ümumiyyətlə yollarını ayırıb və “Antalyaspor”la mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı müdafiəçi Türkiyə yığmasında da bir neçə oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button